isaznow.com
Az Iw En Ru

İmzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər etdi. Bu səfər əsnasında Azərbaycanla Qazaxıstan arasında 20-dən çox önəmli sənəd imzalandı. Təbii ki, bu, tərəflər arasındakı əlaqələrin inkişafı üçün çox böyük addımdır.

Səfər həm də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində reallaşdı.

Zəngin təbii sərvətləri, iqtisadi və siyasi gücü ilə Mərkəzi Asiyanın əsas dövləti olan Qazaxıstanla əslində, həm Qərb dövlətləri, həm Rusiya, həm də Çin əlaqələr qurmaqda maraqlıdır. Yəni dünyanın gözü Qazaxıstandadır. Azərbaycanı da bu xüsusda geridə qalmış saymaq olmaz. Ona görə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətini dərk etməmək mümkün deyil.

Bu bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

Qazaxıstan və Azərbaycan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Qazaxıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işində iştirak etmək təşəbbüsü ölkəmiz tərəfindən yüksək dəyərləndirilib. O cümlədən Prezident Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində ermənilər tərəfindən dağıdılaraq viran qoyulmuş Füzuli şəhərində Qazaxıstan tərəfindən hədiyyə olaraq tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı keçirilib. Bu uşaq yaradıcılıq mərkəzi özündə əsas dörd istiqaməti: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, onların potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltəraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiyanı cəmləşdirəcək. Mərkəzin tikintisinin gələn ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Bu da Füzuli sakinlərinin qayıdışının sürətlənməsinə Qazaxıstanın bir töhfəsi olacaq. Bu o deməkdir ki, Qazaxıstan Azərbaycanın haqq işini həmişə dəstəkləyib və bundan sonra da yanımızdadır. Qazaxıstanın tikəcəyi Yaradıcılıq Mərkəzinin Füzuliyə qayıdacaq uşaqların inkişafında və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında böyük rolu olacaq.

 

Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


06:46 26.08.2022