

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan
başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını
təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni
mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun
alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə
çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi
qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar
ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali
Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq
kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi
nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət
verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olunmuş
və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb edilmişdi.
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını
həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri
seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.
1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək
olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də
itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin sessiyalarının
keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl
mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-
ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb
vəziyyətin tələblərindən irəli gəlmişdi.
Sessiyanın gündəliyinə həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdi. Fövqəladə
sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi.
Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam
etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin
hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü
məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik
prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət
həlli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək
şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan MR Ali
Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.
Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini
tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan
Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən
ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir
göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev
heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3
sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə
minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş
etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və
region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali
dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi
məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük
xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin
Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan
qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər
Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin,
siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu
sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.
Ümummilli liderin Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri
vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı
istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı
siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə ulu
öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya – Azərbaycanı xilas etmək missiyası gözləyirdi.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri