

Hər bir siyasi lider, hər şeydən əvvəl, öz milli reallıqlarının ideal məhsuludur, əgər sosial-siyasi
kontekstdən yanaşsaq, öz ölkəsinin siyasi quruluşunun və siyasi mədəniyyətinin bilavasitə təsiri altında
formalaşan şəxsiyyətdir. Liderin özünü adekvat qiymətləndirməsi də daha obyektiv olaraq məhz milli
reallıqlara, həmin gerçəklikdə cərəyan edən hadisələrə münasibətlərlə, siyasi elita və hakimiyyət
problemindən irəli gələn konfliktlərin xarakteri ilə bağlı olur.
Məlum olduğu kimi xx əsr milli reallıqlarımız o qədər də rəvan sosial məcrada keçməmiş,
Azərbaycan xalqının tarixinə sarsıntılı siyasi hadisələrin palitrası ilə daxil olmuşdur. Lakin tarix öz
hökmünü zamanında verir. Bu dəfə də belə oldu. Milli Azadlıq Hərəkatının sosial sarsıntıları özünün
real gerçəkliyi ilə təsadüfləri kənara atdıqdan sonra milli müstəqilliyin başında durmalı olan qüvvələri
üzə çıxardı. Bu qüvvələrə Ulu Öndər Heydər Əliyev kimi bacarıqlı, müdrik, uzaqgörən və xarizmatik
liderin rəhbərliyi lazım gəlirdi. Milli Azadlıq Hərəkatının ilk illərinin yaratdığı eyforiya, xaotik, utopik,
xəyalpərvər ideyalar tədricən səngiyib aradan çıxdı. Onun yerini milli müstəqilliyin real-praktiki
tələblərini vaxtında qiymətləndirə bilən qüvvələr tutdu. Bu qüvvələrə rəhbərlik edən Ulu Öndər Heydər
Əliyev Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsini yazdı. Onun liderlik fəaliyəti Azərbaycan
dövlətçiliyi tarixinin mühüm mərhələsinin əsasını qoydu.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci qayıdışının təməli Naxçıvan MR Ali
Məclisinin fövqəladə sessiyasında Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər
Əliyevin yekdilliklə sədr seçilməsi ilə qoyulmuş oldu. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın
3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas
zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın
müstəqillik yolunun əsasını qoymuş oldu. 4 iyun 1993-cü il hadisələri Ulu Öndər Heydər Əliyevin
Azərbaycana rəhbərliyini qaçılmaz etdi. Nəhayət 1993-cü ilin 15 iyun günü tariximizə qurtuluş günü
kimi daxil oldu.
Tanrının Azərbaycan xalqına ən böyük töhfəsi, uzaqgörən strateq və mahir taktik olan Heydər
Əliyev siyasi situasiyanı təkcə lokal səviyyədə deyil, həm də qlobal miqyasda dəqiq qiymətləndirməyi,
mümkün sosial inkişaf variantlarından yeganə, ən düzgün olanını seçməyi bacarırdı. Siyasi mübarizənin
bütün incəliklərinə bələd olan Heydər Əliyev siyasi gedişləri zərgər dəqiqliyi ilə seçməyi bacardığından
həm Moskva həyatı, həm də Naxçıvandakı fəaliyyəti zamanı mürəkkəb siyasi kombinasiyalarla düşmən
həmlələrini zərərsizləşdirə, siyasi müttəfiqləri öz ətrafına cəlb edə bilmişdi. Moskva qəzetlərindən biri
onun haqqında çox dəqiq bir ifadə işlətmişdi: “Hakimiyyət ustası”.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş
Komandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız tam əmindir ki, Umummilli
Liderimiz Heydər Əliyevin irəli sürdüyü ideyalar əsasında Azərbaycan Respublikası XXI əsrdə güclü,
qüdrətli və daim çiçəklənən bir məmləkətə çevriləcəkdir.
Elçin Quliyev,
Sabirabad rayonu, iqtisadçı-politoloq