

Azərbaycanın milli dövlətçilik quruculuğunun, eləcə də milli qurtuluşumuzun əsas təməlləri
Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan
parlamentinin yeni tərkibdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlaması Azərbaycan
tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixi sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul
edilən qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Sovet
imperiyasının rəsmən hələ də mövcud olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı olaraq təsdiq edilməsi güclü iradə və böyük qətiyyət tələb edirdi. Həmçinin Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın
Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış və Azərbaycan
Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxaraq “Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm digər səhifələrindən biri də ulu
öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
Sədri seçilməsidir. Həmin dövrdə ölkənin hər bir yerində olduğu kimi Naxçıvanda da vəziyyət ağır idi.
Lakin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin
gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada qısa zamanda sabitlik təmin edildi. Məhz
bundan sonra Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa başladı. Muxtar Respublikada aqrar
islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı istiqamətində xüsusi işlər həyata keçirildi. O dövrdə
Naxçıvan blokada şəraitində idi. Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində Naxçıvanda inkişaf və
sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə
də inkişafı istiqamətində mühüm addımlar atıldı. Belə ki, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və
tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Bir sözlə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə
olunması üçün əhəmiyyətli tədbirlər görüldü.
Fəaliyyəti boyu Azərbaycan xalqının firavanlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı naminə
yorulmadan çalışan ulu öndər Heydər Əliyevin əsas amallarından biri də dünyada yaşayan
azərbaycanlıların birliyinə nail olmaq idi. Dahi şəxsiyyət Vətənə və xalqa xidməti əsas ideya olaraq əsas
tutduğu üçün dünya azərbaycanlılarını da bu ideya ətrafında birləşməyə səsləyirdi. Məhz ulu öndərin
təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31
Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi
milli ideyalara sədaqətin bariz nümunəsidir.
Müstəqil Azərbaycan dövlətinin varlığı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Eyni
zamanda, ulu öndər tarixdə Azərbaycan xalqının xilaskarı kimi qalıb. Təbii ki, bütün bunlar dahi
şəxsiyyətin titanik fəaliyyətinin, ən əsası da ömrünü xalqına xidmətə həsr etməsinin nəticəsdir.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq