

Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali
Məclsinin sədri seçilməsində 31 il ötür. Ulu öndərin dövlət, millət qarşısında xidmətləri zaman keçdikcə
daha da aydın görünür. Onun ən əsas istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə
söykənən müstəqil, güclü, müasir dövlətinin yaradılması idi. 1991-ci il sentyabr ayının 3-də Ulu öndər
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsindən sonra
Azərbaycanın dövlətçilik tarixində mühüm dəyişikliklər baş vermişdir.
Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib çıxardı. Ulu öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyinin mövcud
olduğu bir dövrdə cəsarətli addımlar ataraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist”
sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar görüldü. Sovet qoşun
hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda
saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər.
İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın Ali Məclisində 20 Yanvar faciəsinə siyasi
qiymət verildi, həmin günün milli matəm günü elan olunması, dünya azərbaycanlılarının birlik və
həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul
olundu. Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ulu öndərin təşəbbüsü ilə muxtar
respublikanın Dövlət bayrağı olaraq təsdiq olundu. Eyni zamanda, Naxçıvan Muxtar Respublikanın Ali
Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət qaldırdı və 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı. Həmin tarixdən
etibarən Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı
haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.
Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının
tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırması üçün
tədbirlər görülür, Türkiyə və İranla iqtisadi əlaqələr qurulurdu. Qısa müddətdə Araz çayı üzərində
“Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri
fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan
Naxçıvan Muxtar Respublikasınına yüksək gərginlikli elektrik xətləri çəkildi.
Göründüyü kimi, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü
işlər, həyata keçirdiyi islahatlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin
etmiş oldu. Ulu öndərin gərgin fəaliyyəti və səyləri nəticəsində sabitlik təmin edildi, muxtar
respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Naxçıvanda həyata keçirlən tədbirlər, əldə olunan
nailiyyətlər 1990-1993-cu illərdə xaos və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş
müharibəsi həddinə gəlib çatan Azərbaycan üçün ümid, nicat yeri idi.
Vüsal Talıblı,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru