

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin
mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və
sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib.
Bu mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti
Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House –
Ambrosetti” beyin mərkəzinin dəvəti ilə əsas qonaq qismində iştirak edib və bu forumun plenar
iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə
də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edərkən diqqətə
çatdırıb ki, ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci
mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər
dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi.
Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik. Azərbaycanın
uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı
deyib: “Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji
neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına
çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi
bacardıq.”
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan
əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Prezident
İlham Əliyev çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin
istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və
Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya
13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il
Azərbaycan İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırır.
Dövlətimizin başçısı ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin
inkişafı ilə bağlı da ətraflı məlumat verib. O, Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın
aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, enerji
təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib.
Prezidentin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Forum çərçivəsində cənab
Prezident İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırıb. Forumun moderatorunun
dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı qeyd edib
ki , Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu
konktekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu.
O, beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara
uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək
ordenli