isaznow.com
Az Iw En Ru

Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanması münasibətlərin yüksələn xətlə inkişafına geniş imkanlar yaradır

Məlumdur ki, Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal
səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və
hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi
olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli
danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin
başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur. Qətiyyəti, diplomatik
məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti
bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlətimizin başçısının hadisələrə baxışı,
münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Məhz bunun nəticəsidir ki,
Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə yüksəlməkdədir. Bu
baxımdan “The European House – Ambrosetti” beyin mərkəzinin İtaliyanın Çernobbio şəhərində “Dünya, Avropa
və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirdiyi 48-ci
Beynəlxalq Çernobbio Forumuna dövlətimizin başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella, İtaliya
Nazirlər Şurasının Sədri Mario Draqin, həmçinin beyin mərkəzi tərəfindən əsas qonaq qismində dəvət olunması
Azərbaycanın beynəlxalq səviyyədə möhkəmlənən mövqelərini əks etdirməklə yanaşı, həm də dövlətimizin
başçısının şəxsi nüfuzunu göstərir.
“Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji
təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bu sahədə ölkəmizin
əhəmiyyətini və rolunu daha aydın şəkildə izah etdi. Bildiyimiz kimi, hazırda Azərbaycan dünyanın, o cümlədən
Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə diqqət mərkəzindədir. Beynəlxalq aləmin etiraf etdiyi kimi,
ölkəmiz artıq regionun enerji mərkəzinə çevrilib. İndi dünyada bu istiqamətdə baş verən böhranın aradan
qaldırılmasında Azərbaycanın malik olduğu potensial çox yüksək dəyərləndirilir. Bütün bunlar Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasətinin ən bariz göstəricisidir. Yeri gəlmişkən, Cənub Qaz
Dəhlizinin enerji böhranının yaşandığı bir dönəmdə Avropanın enerji təminatında əhəmiyyəti çox böyükdür. Onu
da qeyd edim ki, bu layihənin reallaşdırılması ölkəmizin gücünü və qüdrətini bir daha ortaya qoyur. Layihənin
uğurla həyata keçirilməsində Azərbaycan öz üzərinə düşən vəzifələri nümunəvi şəkildə icra edir, öz öhdəliklərinə
hər zaman sadiqlik sərgiləyir və etibarlı tərəfdaş olaraq dünya dövlətləri tərəfindən təqdir olunur.
Bu gün Azərbaycan-İtaliya əlaqələrinin qarşılıqlı hörmətə və yüksək etimada əsaslanaraq bir çox sahələrdə
yüksələn xətlə inkişaf edir.
Prezident İlham Əliyevin bu ölkəyə səfərinin əlaqələrimizin inkişafı və genişlənməsi baxımından səmərəli
olacağına əminəm. Azərbaycan son bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, bunun
da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Təbii ki, qısa müddət ərzində bu, yüksək göstəricidir.
Dövlətimizin başçısı bu il həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyin
planlaşdırıldığını vurğuladı. Bu da dövlətimizin sözügedən istiqamətdə artan rolunu bir daha təsdiqləyir və
əlaqələrimizin daha da inkişafına münbit şərait yaradır.
Əlaqələrimizin genişlənməsi baxımından təhsil sahəsinin önəmini xüsusi qeyd etmək istərdim. Səfər
zamanı bu məsələ də diqqət mərkəzində oldu. İnanıram ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq
çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş
aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik
Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa
dair Sazişin imzalanması bu sahədə də əlaqələrimizin dinamik inkişafını təmin edəcək, iki ölkə arasında dostluq
münasibətlərini möhkəmləndirəcək.
Səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qalib ölkə olan
Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar,
Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun yaradılması istiqamətində görülən
işlər barədə məlumat verdi. Artıq Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə müəllifi olduğu dəyişməz
reallıqlar bütün tərəflərin maraqlarına tam uyğundur. Biz bunu beynəlxalq təşkilatların, vəziyyətə münasibət
bildirən dövlətlərin davranışlarından da aydın görürük. Azərbaycan işğala son qoymaqla regionu Ermənistanın
yaratdığı çirkabdan çıxararaq sürətli inkişaf yoluna yönəldib. Bu, bütövlükdə region ölkələrinin siyasi-iqtisadi
maraqlarına cavab verir.
Məlumdur ki, sülh müqaviləsinin imzalanması üçün aparılan bütün danışıqlar Azərbaycanın milli
maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Dövlətimizin irəli sürdüyü 5 təklifdəki əsas
məqam Azərbaycanın ərazi bütövlüyüdür. Məğlub Ermənistan Azərbaycan Prezidentinin siyasi qərarları ilə
razılaşmaq məcburiyyətindədir. Çünki bu gün regionda diktəni Qalib Komandan İlham Əliyev edir.
Qafur Nəsirov,
Sabirabad Elektrik Şəbəkəsinin baş mühəndisi


05:28 06.09.2022