

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin
mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və
sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Prezidenti
İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və
“The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq
qismində iştirak edib. Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi
layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın
enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi.
Azərbaycan İtaliyanı neft və qazla təchiz edən əsas ölkədir. Möhtərəm Prezident İlham Əliyevin
Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, “Azərbaycan son 10 il ərzində qonşu ölkələr
bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz
Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru
kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya
qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz
ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql
edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard
kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım
üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji
tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd
edir”.
Dövlət başçısı İlham Əliyevin belə beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə yanaşı, həmin
platformalarda çıxışı Azərbaycan reallıqlarını, ölkəmizin hazırda dəyişən dünyanın siyasətinə verdiyi
töhfələri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanları yaradır: “Bu, Azərbaycana, Prezident İlham
Əliyevə olan inamın, göstərilən etimadın, həmçinin ölkəmizin liderinin artan beynəlxalq nüfuzunun,
siyasi çəkisinin göstəricisidir.
Prezident İlham Əliyev Forumun panel iclasındakı çıxışında bir daha diqqəti hazırkı dövrdə
qlobal problemlərin həllinə Azərbaycanın yanaşmasına yönəltdi. Forumun moderatorunun dünyada və
regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı İlham Əliyev qeyd etdi
ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu gün
dövlətlərarası münasibətlərdə, beynəlxalq təşkilatların fəaliyyətində beynəlxalq hüquq normalarının
pozulduğunu bir daha vurğulayan dövlət başçısı torpaqlarımız işğal altında olarkən dünya ictimaiyyətinə
fəal şəkildə müraciətimizdən bəhs etdi. Azərbaycan Prezidenti bildirdi ki, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Hazırda bir çox
digər bölgələrdə beynəlxalq hüququn pozulmasının şahidiyik. Bəzi ölkələr düşünür ki, onlar buna məhəl
qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni
necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya
başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik
olanların məsuliyyətindədir.”
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi