isaznow.com
Az Iw En Ru

İtaliya Avropada Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir

Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm
dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri
daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı
səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham
Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir.
İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə,
strateji maraqlarına cavab verir.İki ölkə  arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya
Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya
ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də
Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı
qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella və  Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşlərdə  ölkələrimiz arasında siyasi
dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı
vurğulanıb. Bundan başqa, dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının
səfirliyinin yeni binası açılıb. Eyni zamanda, cənab Prezidentin iştirakı ilə İtaliya-Azərbaycan
Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə
bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa
dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Dövlətimizin başçısı iki ölkə arasındakı təhsil
sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti”
beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün
və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakının
əhəmiyyətini də vurğulayıb. Belə ki, dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya
Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin
dəvəti ilə bu beynəlxalq forumda iştirak edib. Bu fakt Azərbaycan Prezidentinin beynəlxalq miqyasda
böyük nüfuzunun göstəricisidir. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. 1965-ci ildən fəaliyyət göstərən “The
European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi
hesab olunur. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və
Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün
əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan
şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.
Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları,
beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində
əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat
tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan
İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur. Cənub Qaz Dəhlizi və onun
tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın
enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki,
Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış
“Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya
bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə
dəstəyi bir daha təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı
mövqeyinə dəstək nümayiş etdirdi. Hazırda İtaliya şirkətləri azad olunmuş ərazilərimizin bərpasında
iştirak edirlər. Bütün bunlar  Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə
inkişaf etdiyinin göstəricisidir.
Səfa Şirinov,
Sabirabad Elektrik Şəbəkəsinin rəisi


16:30 06.09.2022