isaznow.com
Az Iw En Ru

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir

Konstruktiv siyasət yürütməyi rəhbər tutan dövlətimiz tarixi qələbə qazanan tərəf kimi
Ermənistana sülh çağırışı edərək, regional aktorları da özündə ehtiva edən əməkdaşlıq platformasının
qurulması təşəbbüsünü irəli sürdü. Azərbaycan kimi yalnız qurucu əməllərə sadiq olan bir dövlət və xalq
ermənilərin əsrlərlə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımları fonunda belə tarixi və
nümunəvi addım ata bilərdi. Buna baxmayaraq, ermənilər yenə də öz xislətlərindən əl çəkmir, revanşist
şüarlar səsləndirir, sərhəddə təxribatlar törədir, tarixi ədavətin və düşmənçiliyin davam etdirilməsində
maraqlı olduqlarını göstərirlər.
Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və
Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki,
rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir
Baş verən məsələləri aydın dəyərləndirməyi bacaran dövlət başçımız cənab İlham Əliyev
Azərbaycan xalqına hər zaman açıq mesaj verir ki, biz necə bir düşmənlə üz-üzə olduğumuzu
unutmamalıyıq. Bu baxımdan da hər bir inkişaf ssenarisinə hazır olaraq, “dəmir yumruğumuzu” bərk
saxlamalı, lazım olan məqamda düşmənin başına endirməliyik.
Müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızı öz
hesabımıza, daxili resurslarımızla dirçəldir, soydaşlarımızı qısa zaman çərçivəsində öz doğma yurd-
yuvalarına yerləşdirmək istiqamətində əməli addımlar atırıq. Düşmən isə mənfur xislətindən əl çəkmir,
hətta özünə xeyir və fayda gətirəcək əməkdaşlıq platformalarına maksimum mane olmağa çalışır.
Sözsüz ki, Ermənistanın illər ərzində cəzasızlıq sindromundan rəvac alması indi də davam edir.
Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatda erməni silahlı qruplaşmalarının ərazilərimizdən
çıxardılması Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olmalı idi. Buna isə bu günə qədər
əməl olunmur. Bu, azmış kimi, sülhməramlıların neytrallıq prinsipinə və mandatına zidd olaraq, erməni
təəssübkeşliyi qanunsuz erməni silahlı dəstələrinin sərhəddə təxribatlar törətməsinə gətirib çıxarır,
Azərbaycan tərəfi şəhid verir, regional layihələrin icrası gecikir, sülh müqaviləsini isə sabotaj etməklə
məşğul olunur.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin
Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi
hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə
çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət
qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki
əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.
Azərbaycan dəfələrlə baş verən məsələlər barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırıb.
İndi isə öz suveren ərzailərində antiterror əməliyyatı həyata keçirir. Bunu Ermənistan da, ona havadarlıq
edən bütün qüvvələr də bilməlidir. Rəşadətli ordumuz bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını
almağa qadirdir.
Xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, “dəmir yumruğ”umuz yerindədir.
Odur ki, dövlətimizə qarşı daxildən və xaricdən təzyiq etməklə, hər hansı təzyiq və təhdidlə
qətiyyətimizi qırmaq, birliyimizi sarsıtmaq, əmin-amanlığımızı pozmaq mümkün olmayacaq.
Sevinc Mikayılova,
Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasının müdiri


15:55 17.09.2022