isaznow.com
Az Iw En Ru

Azərbaycanın haqq işinə, milli dövlətçilik maraqlarına qarşı formalaşmış

Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanın
hərbi-siyasi rəhbərliyi regional sülhün bərqərar olmasında maraqlı deyil. Hələ də işğalçı siyasətindən əl
çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca geniş miqyaslı hərbi təxribatlar törətməklə
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamış Rusiyanın, eləcə də Cənubi Qafqazda dayanıqlı
sülhün bərqərar olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik missiyalarını da hər vasitə ilə
əngəlləməyə çalışır.
Ermənistan  istər 44 günlük Vətən müharibəsindən, istərsə  də bu il avqustun əvvəlində
Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatından hələ nəticə çıxarmayıb. Erməni silahlı birləşmələri
sentyabrın 13-də əldə olunan atəşkəs razılaşmasını pozaraq yenə də təxribatlarını, çirkin əməllərini
davam etdiriblər.
Ermənistanın növbəti hərbi təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın keçirdiyi
cavab tədbirləri zamanı ordumuzun  hərbçiləri arasında  şəhidlik zirvəsinə ucalanlar var. Vətən uğrunda
döyüşlərdə şəhid olmuş bütün döyüşçülərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına
dərin hüznlə başsağlığı verir, qazilərimizə tezliklə sağalmağı arzulayıram.Əlbəttə ki, bizim heç bir
şəhidimizin qanı yerdə qalmayıb, düşmən layiqincə cəzalandırılıb. Lakin bütün bu hadisələr
Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə ciddi
əngəl törədir.Əslində, Ermənistan 13 sentyabr təxribatına qədər də normallaşma prosesini müxtəlif
bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir,
regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradırdı.
Ermənistan Azərbaycanla sərhəd ərazilərdə təxribatlar törətməklə ölkəmizin işğaldan azad edilmiş
ərazilərdə apardığı bərpa və yenidənqurma işlərini və bu ərazilərə keçmiş məcburi köçkün ailələrinin
geri qaytarılması prosesini əngəlləməyə çalışır. Bütün bunlarbirmənalı olaraq təsdiq edir ki, baş vermiş
təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə
düşür.
Yaranmış vəziyyətdə Azərbaycan cəmiyyəti, ilk növbədə, hər zaman olduğu kimi, ən yüksək
səviyyədə milli və siyasi birlik nümayiş etdirməlidir. Çox təəssüf ki, bu ağır, məsuliyyətli və taleyüklü
günlərdə  bəzi radikal müxalif qüvvələr, məlum siyasi partiya nümayəndələri az qala rəsmi Yerevan və
onun məlum havadarlarının mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu
çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. İqtidar -xalq birliyinə,
ölkənin çətin imtahan dövründə mili konsolidasiyasına mane olmağa çalışan, insanları çaşdırmaq yolunu
tutan bu namərd cəhdlər  müqəddəs məqsədlər uğrunda  düşmənə qarşı aparılan total mübarizəmizə
qətiyyən kölgə sala bilməz. Ölkəmizin daxilindən və xaricdən siyasi tədavülə buraxılan bu miskin 
xəyanət cəhdləri xalqımız tərəfindən qətiyyətlə pislənilir, Vətənin ağır günündə kimlərin bu ölkənin
mərd, ləyaqətli vətəndaşıları, kimlərin isə Azərbaycanın çətin sınaq günlərində düşmən dəyirmanına su
tökən yaramaz və xain varlıq olduqlarını növbəti dəfə xalqa tanıdır.
Azərbaycan xalqı bu günlər  sarsılmaz milli və siyasi birlik nümayiş etdirməlidir. Unutmaq
olmaz ki, bu gün Azərbaycanın apardığı mübarizə yalnız hərbi təxribatlara qarşı, döyüş meydanında
deyil, həm də milli və siyasi-diplomatik müstəvidə davam edir. Məhz buna görə də bu gün hər bir
azərbaycanlı milli birliyimizin daha da gücləndirilməsi üçün əlindən gələni etməlidir. Sözsüz ki, bu
istiqamətdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların üzərinə xüsusilə böyük məsuliyyət düşür.
Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birimiz dövlət başçımızın ətrafında daha sıx
birləşərək, bu sınaqdan da qalib çıxmaq üçün Ali Baş Komandanın bütün çağırışlarına daim hazır
olduğumuzu nümayiş etdirməliyik. Bütün siyasi partiyalar və ictimai təşkilatlar da Ali Baş Komandana
və ordumuza dəstək nümayiş etdirməli, erməni təxribatlarının mahiyyətini bütün dünyaya olduğu kimi
çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlidirlər.
Vahid Abdullayev,
Sabirabad Peşə Liseyinin direktoru


16:57 17.09.2022