isaznow.com
Az Iw En Ru

Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisi

Prezident İlham Əliyev Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv
ölkələrin Sammitindəki çıxışında Ermənistanın son hərbi təxribatlarından danışaraq işğalçı ölkəni
növbəti dəfə ifşa edib.
Dövlətimizin başçısı Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi
bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini bir
daha bildirib və qeyd edib ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi
üzərində işə başlamalıyıq: “Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət
sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını
qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir
zərbədir.”
Dövlətimizin başçısı vurğulayıb ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi
daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş
verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas
xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar
törədərək Azərbaycan ərazisinə basqın etmək və mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini,
kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.
Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü
ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş
ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək yerinə düşər. Təhlükəsizlik
Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı
qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü
hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını
təmin edib.
2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə
qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini
beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və
Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı
etimad və qonşuluq münasibətlərinin gücləndirilməsidir. Burada siyasət, ticarət və iqtisadiyyat, elm və
texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər
sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Regionda sülh, təhlükəsizlik və
sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin
yaradılması üçün addımların atılması vacib məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmizlə ŞƏT
arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri
arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən
terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı
müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası
dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri


23:03 20.09.2022