

Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusuna malikdir.
Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətlər təşkilatın üzvləridir. Şanxay
Əməkdaşlıq Təşkilatının cari ilin sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən
Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə başçısı həm zirvə görüşündə çıxış
edib, həm də orada iştirak edən bir sıra dövlətlərin, o cümlədən Rusiya, Çin, Türkiyə, Özbəkistan və
digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlər Ermənistanın 12-14 sentyabr
tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlarla eyni dövrə təsadüf etdiyindən
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı
təxribatlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində çıxış edərkən bildirib ki,
Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı
tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni
ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Daha sonra Prezident İlham Əliyev
Sammit iştirakçılarının nəzərinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan
Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu
təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında
normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür.
Dövlət başçımız çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz
fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib: “Bu kontekstdə Prezident İlham
Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT
Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı
qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ
münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan
qətnamələrinin icrasını təmin edib.
Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq
inkişaf etdiyini qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
gerçəkləşməsinə önəmli töhfələr verdiyini bildirib. Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına
bütün üzv dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş ölkələrin, o cümlədən Çin, Hindistan, Rusiya,
İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkiyənin bu dəhlizlərin işləməsində əhəmiyyətli iqtisadi
maraqları var. Azərbaycan coğrafi baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində
yerləşdiyi üçün unikal mövqeyə malikdir. Prezidentin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin Sammitində diqqətə çatdırdığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bu sahədə imkanlar
daha da genişlənəcək.
Elçin Quliyev,
Sabirabad rayonu, iqtisadçı-politoloq