

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq
əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi hər bir məsələdə söz sahibliyini, sözünün
imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq
kimi qatılması və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması
da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyev təşkilatın Səmərqənd Sammitində hazırkı dövrün
əsas çağırışlarını, vacib mesajları səsləndirərək Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini
açıqladı. Sözügedən Sammitin yekununda qəbul edilən Bəyannamədə regional sabitliyin,
təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi
məsələlər öz əksini tapıb. Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli ölkəmizin qlobal
məsələlərin həllinə öz töhfələrini verməsində əhəmiyyətli rol oynayır. Nəzərə alaq ki, son iki ilə yaxın
dövrün əsas məsələlərindən biri tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bölgədə dayanıqlı sülhün
və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh
müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında bu
məsələlərə xüsusi diqqət göstərdi.
Qeyd etdiyimiz kimi tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar əməkdaşlıq üçün yeni imkanlar
açır. Belə ki, Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Dövlət başçısı İlham Əliyev
Sammitdəki çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda
nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan
sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün
ölkələr üçün faydalı olacaq.
Bu reallıq inkaredilməzdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi
regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər də bunun
təsdiqidir. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə
malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən
keçən tranzit 50 faizə yaxın artıb.
Azərbaycan hər bir ölkənin inkişafında mühüm amil olan dayanıqlı iqtisadi inkişafın təmin
olunması istiqamətində atdığı addımları ilə diqqətdədir. Ölkəmizin malik olduğu enerji resurslarından
səmərəli istifadəsi, reallığa çevirdiyi enerji və nəqliyyat layihələri iqtisadi, siyasi mövqeyinin
möhkəmləndirilməsində mühüm rol oynayır. Yeni dövrün reallıqları yeni əməkdaşlıq formatlarının
yaradılmasını tələb edir. Qeyd etdiyimiz kimi, əsas məsələ regionda sülhün və təhlükəsizliyin təmin
olunmasıdır.
Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından bir daha bu çağırışı
etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Diqqəti Ermənistan silahlı
qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı hərbi
təxribatlara yönəldən cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın
qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük
bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hazırkı dövrün reallıqları Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir.
Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır. Azərbaycanın bu
mərhələdə əsas tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin, Prezident İlham Əliyevin nüfuzunun
göstəricisidir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1
dərəcə Əmək ordenli