

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan
tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq
münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən
təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf
etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və
iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında
əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Əlverişli coğrafi mövqeyə malık olan Azərbaycan
Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın
yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı
təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından
istifadə etməklə qitələri və ölkələri birləşdirir. Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və
“Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik haba çevrilməsi üçün real imkanlar yaradır.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən
Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək
bildirdi ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya
layihələrinin işə düşməsinə böyük töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon
ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında
Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük
mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.
İlham Əliyev diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400
kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ
müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə
kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından
birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a
çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya
layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin
nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması
üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu
məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir.
İlham Əliyev qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə
tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa
bilər.
Sammitdə çıxışı zamanı İlham Əliyev həm də son günlər Ermənistanın dövlət sərhədində törətdiyi
təxribatlardan söz açıb. Azərbaycan Prezidenti bildirib ki, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır
və alınacaq. Cənab Prezident bəyan edib ki, bu cür təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması
üçün barış müqaviləsinin imzalanması vacibdir. Bunun üçün isə Azərbaycan Ermənistana ölkələrin bir-birinin
suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip
təqdim edib. Tərəflər ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır.
Azərbaycan hər zaman buna hazır olduğunu bəyan edib. Ermənistan isə təxribatları ilə sazişin imzalanmasını
əngəlləməyə çalışır.
Prezident sammit iştirakçılarının diqqətinə bir daha çatdırıb ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla
dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətsə də, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını
qətiyyətlə alıb. Dövlət başçısı Ermənistanın bu təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə
adlandıraraq bəyan edib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri