isaznow.com
Az Iw En Ru

44 günlük “Vətən Müharibəsi” Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu

Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi tarixi köklərə əsaslanan müxtəlif
xüsusiyyətlərə malikdir. Ermənistanın Azərbaycana təcavüzünün və işğalçı müharibənin tarixi kökləri
Ermənistan tarixinin bəzi məsələlərini nəzərdən keçirməyi zəruri edir. Bu işğalçılıq siyasəti həmişə
erməni tarixinin mərkəzində olub. Bu səbəbdən də ermənilər tarixi və yerli şəraitin imkan verdiyi
dərəcədə azərbaycanlılara qarşı niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atırdılar. XX əsrin
sonlarında yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlıların yaşadıqları kənd
və rayonlarda törədilmiş soyqırımı Azərbaycanın müasir tarixinin öyrənilməmiş səhifələrindən biridir.
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi XX əsrin tarixinə nəticələri milyonlarla
azərbaycanlının taleyinə ciddi təsir göstərən ən faciəli münaqişələrdən biri kimi daxil olub. 1980-ci
illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı açıq ərazi iddiaları və hədə-qorxu
aktları və etnik təxribatları ilə başlayan bu münaqişə Azərbaycana hərbi hücumla nəticələndi.
Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ məsələsinin həll olunmaması səbəbindən
Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqda davam etsə də, beynəlxalq ictimaiyyət üçün ən az
aktual olan məsələlərdən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa
muxtariyyət verildikdən sonra da nə Dağlıq Qarabağ, nə Ermənistan, nə də bu sərhədlərdən kənarda olan
ermənilər separatçılıq fəaliyyətlərini dayandırmadılar. XX əsrin 80-ci illərinin ikinci yarısından
başlayaraq ermənilər yaxın və uzaq xaricdən olan havadarlarının köməyi ilə mövcud vəziyyətdən
istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yenidən ərazi iddiaları irəli sürdülər. Beləliklə
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq ərazi iddiaları və etnik zəmində
təxribatları ilə başlayan münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycan
torpaqlarının 20%-nin işğalı ilə nəticələnib.
Ötən illər ərzində Ermənistan və qondarma separatçı rejimin nümayəndələri  mütəmadi olaraq
Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmişlər. Bu
işğalçı dövlətin yürütdüyü işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimai rəyinin gözü qarşısında
baş verirdi. Məsələnin həlli prosesində Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə sülh variantına
üstünlük verir. Lakin İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu işğalla, torpaqlarımızın
müvəqqəti itirilməsi ilə heç vaxt barışmayacağını bəyan edir və öz torpaqlarımızı xilas etmək üçün
bütün vasitələrdən istifadə edəcəyini qətiyyətlə vurğulayırdı. Son illərdə artıq vəziyyət daha da
gərginləşməyə başlamışdı, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş
imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi
Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Beləliklə 2020-ci ilin sentyabrında başlanalan Vətən
müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıqlar yaratdı. Bu gün 30 il
davam edən status-kvo  yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər
və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm qələbənin əldə olunmasında Sabirabad
rayon gənclərinin də böyük xidmətləri olmuşdur. 1500-dən yuxarı sabirabadlı gənc könüllü olaraq
Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43 nəfəri torpaqlarımızın ərazi bütövlüyü uğrunda
qəhrəmancasına şəhid olmuş, 57 nəfər döyüşçü isə əlil olmuşdur. Şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri və qaziləri daima rayon rəhbərliyinin diqqət mərkəzindədir. Onları narahat edən problemlərin
həlli ilə bağlı dərhal zəruri tədbirlər görülür. Həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın
münasib işlə təmanatı istiqamətində də lazımi işlər görülür.

Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi


00:04 27.09.2022