

Azərbaycan xalqının son bir neçə əsrlik tarixində bizi sevindirəcək hadisələr bir o qədər çox
olmamışdır. Əksinə bir çox hallarda ağrılı-acılı proseslər xalqımızın qəlbini göynəltmiş və onu məyus
etmişdir. Lakin nəhayət ki, 2020-ci ilin payızı xalqımızın qürur və şərəf tarixinə böyük hərflərlə yazılmış
oldu. 2020-ci ilə qədər 27 sentyabr sadəcə təqvimin adi günlərindən biri idi. Amma 2020-ci ilin 27
sentyabrı böyük zəfərə gedən yolun başlanğıcı oldu. 30 ilə yaxın torpaqları mənfur düşmən işğalında
olan Azərbaycan bu illər ərzində zəfəri yaxınlaşdırmaq üçün yorulmadan çalışdı.
Xüsusilə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ordu quruculuğu sahəsindəki əməyi
xüsusi vurğulanmalıdır. Onun ölkəmizə rəhbərliyi dövründə yüksək mənəvi dəyərlərə sahib vətənpərvər
bir gənclik, eyni zamanda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan çox güclü
silahlı qüvvələr formalaşdırıldı.
30 illik işğal dövründə saysız-hesabsız hərbi cinayətlər törədən Ermənistan və onun hərbi-siyasi
rəhbərliyi cəzasız qalacağını düşünürdü. Fəqət düşmən kökündən yanılmış, Azərbaycanın necə bir
qüdrətli orduya sahib olduğunu unutmuşdu. Düşmən anlamalı idi ki, uzun müddətli işğal illərində
sonsuz vətən həsrəti çəkən Azərbaycan xalqı öz əbədi və əzəli torpaqlarının azadlığı uğrunda bir gün
qəti döyüşə atılacaq. Nəhayət həmin gün gəlib çatdı. Düşmənin cəbhə xəttində törətdiyi növbəti
təxribatdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham
Əliyev əks hücum əmrini verdi. Qəhraman Azərbaycan ordusu cəmi 44 günə işğalçı düşmənin silahlı
birləşmələrini darmadağın edərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkə
prezidenti Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdə hər zaman qeyd edirdi
ki, Azərbaycan torpaqları son qarışınadək düşmən işğalından azad ediləcək. Müzəffər Ali Baş
Komandan dedi və dediyini də tam qətiyyətlə yerinə yetirdi. Bu qüdrətli ordumuzun 44 günə yazdığı
şanlı tarix idi.
Bu qürurverici qələbəyə Sabirabad rayon gəncləri də öz töhvəsini vermişdir. Sabirabad rayonu
üzrə min beş yüzdən yuxarı gənc Vətən Müharibəsində iştirak etmiş, onlardan 43 nəfəri torpaqlarımızın
ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. 200-ə yaxın döyüşçü sağlamlığını itirmiş, 50-
dən yuxarı döyüşçü isə əlillik statusu almışdır. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qaziləri
respublikamızın hər yerində olduğu kimi Sabirabad rayonunda da daima diqqət mərkəzində saxlanılır,
onları narahat edən problemlərin həlli ilə bağlı aidiyyatı qurumlar tərəfindən dərhal zəruri tədbirlər
görülür.
Azərbaycan əsgərləri döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərdilər. Onlar Vətən torpağını öz
qanları ilə suvardılar. Neçə-neçə cəsur vətən övladı Şəhidlik zirvəsinə ucaldı. Bir çox əsgərimiz qazi
oldu. Postmüharibə dövründə dövlətimiz şəhid ailələrinə ən yüksək səviyyədə diqqəti göstərir, öz
qayğısını heç zaman onlardan əsirgəmir. Şəhid ailələrinin bütün tələbatlarının ən yüksək səviyyədə
təmin olunması üçün ölkə prezidenti Cənab İlham Əliyev bütün lazımi Sərəncam və tapşırıqları
vermişdir. Qazilərimiz də dövlətimizin daim diqqətindədir. Onların müalicəsi ölkəmizin və bizə dost
olan inkişaf etmiş xarici dövlətlərin ən müasir tibb müəssisələrində həyata keçirilir. Bu kateqoriyadan
olan vətəndaşlarımızın bərpa, reabilitasiya prosesi peşəkar həkimlərin səyləri ilə daha da sürətli şəkildə
təşkil olunur. Şəhid ailələrinin və qazilərin mənzil təminatı da diqqət mərkəzində olan vacib
məsələlərdəndir. Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır. Elə bu qayğının nəticəsidir ki,
artıq Azərbaycan ordusu dünyanın güclü orduları içərisində özünə layiqli yer tutur. Şübhəsiz ki,
ordumuzun günü-gündən artan gücü və qüdrəti xalqımızın və dövlətçiliyimizin təhlükısizliyinin tam və
yüksək səviyyədə təmin olunması deməkdir.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru