

Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində
azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmüş, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik
təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə
edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər.
1918-1920-ci illər isə xalqımızın qan yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qanlı iz
buraxmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda,
Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali
soyqırımına məruz qalmış,yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi
dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-
1953-cü illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq
Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma
yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ
hadisələri, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin
düşməsi ilə nəticələnmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi
nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial
kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz
qalması – erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir
milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu.
Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa
başladı.
Ümummilli liderin layiqli varisi, davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü
ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi
sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər
Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan,
dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan
çalışırdı.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam,
Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz
kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini
ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif
cinayətlər törətməyə başladı.
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz
düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş
texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın
etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli ordumuzun iradəsi və əzmi nəticəsində 4
oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan
tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa
mənfur düşmən tapdağından qurtuldu.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Tarixi
qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır.
Qələbənin əldə olunmasında Sabirabad rayon gənclərinin də xidmətləri böyük olmuşdur. Belə ki,
Sabirabad rayonu üzrə 1600 yaxın nəfər gənc Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43 nəfəri
torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. 185 nəfər döyüşçü sağlamlığını itirmiş,
57 nəfər döyüşçü isə əlillik statusu almışdır.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qaziləri daima Sabirabad rayon İcra Hakimiyyətinin diqqət
mərkəzindədir. Onları narahat edən problemlərin həlli ilə bağlı dərhal zəruri tədbirlər görülür. Həmçinin bu
təbəqədən olan vətəndaşlarımızın münasib işlə təmanatı istiqamətində də lazımi işlər görülür və bu istiqamətdə
işlər davam etdirilir.
Dövlət başçımız tərəfindən Vətən müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirələrinə, onların
ailələrinə, qazilərimizə və vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident
tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar,
sərəncamlar qəbul edilmiş və adiyyatı orqanlara tapşırıqlar verilmişdir. Vitse-prezident Mehriban xanım Əliyeva
da şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə Heydər
Əliyev fondu tərəfindən xeyli sayda qazimiz xarici ölkələrdə müalicə olunaraq yenidən öz sağlamlıqlarına
qovuşublar.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək.
İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması da bunu deməyə
əsas verir.
Nobar Qasimova,
Sabirabad rayon Surra kənd uşaq bağçasının müdiri