

“Qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır. 44 günlük
Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan
xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım
atmamışdılar.” Bu sözləri Prezident İlham Əliyev 2021-ci il 12 aprel tarixində Bakıda Hərbi Qənimətlər
Parkının açılışında səsləndirib. Ölkə prezidenti çıxışının davamında qeyd edib ki, Azərbaycan xalqı
intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz
canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz
bərpa edildi.
Unikal qələbə qazanmağımızda başlıca səbəblərdən biri modern ordumuzun olmasıdır. Böyük
Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi bizim gücümüzü
göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində
düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və
istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.
Və təbii ki biz bu tarixi qələbəmizi maddi olaraq əbədiləşdirməyə bilməzdik. Vətən müharibəsi
zamanı düşməndən əldə olunan qənimətlər paytaxtımızda nümayiş olunur. Yaradılmasına bu ilin yanvar
ayından başlanılan və 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonundadır. Parkdakı
eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət
götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ
Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o
cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin
qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış
“İsgəndər-M” raketinin qalıqları var.
Prezidentimizin də dediyi kimi Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan
Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun,
Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək!
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm qələbənin əldə olunmasında Sabirabad
rayon gənclərinin də böyük xidmətləri olmuşdur. 1500-dən yuxarı sabirabadlı gənc könüllü olaraq
Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43 nəfəri torpaqlarımızın ərazi bütövlüyü uğrunda
qəhrəmancasına şəhid olmuş, 57 nəfər döyüşçü isə əlil olmuşdur. Şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri və qaziləri daima rayon rəhbərliyinin diqqət mərkəzindədir. Onları narahat edən problemlərin
həlli ilə bağlı dərhal zəruri tədbirlər görülür. Həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın
münasib işlə təmanatı istiqamətində də lazımi işlər görülür.
Biz əldə olunan tarixi zəfərimizin məntiqi ardıcıllığını gətirməliyik. Biz artıq işğaldan azad
olunan torpaqlarımıza “Böyük Qayıdış”a hazırlaşırıq. Biz o əraziləri cənnətə çevirməyə başlayırıq.
Bunun üçün biz birlikdə olmalıyıq. Çünki Biz Birlikdə Güclüyük!!!
Qalib İbrəhimov,
Sabirabad RİH başçısının Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi