isaznow.com
Az Iw En Ru

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

Milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının sərvətidir. Bu mənada xalqımızın sarsılmaz birliyi məhz
milli-mənəvi dəyərlərimizə söykənir desək, yanılmarıq. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın
əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa
çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı  qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini
konfessiyalar, icmalar, etnik azlıqlar, əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə
Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini
bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda
“dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər
zaman qürurla səsləndirdiyimiz çoxmillətli, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz
üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya
qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin
“Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz bilrlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını
özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi, elə
gətirmədi də. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra bir həqiqətin də şahidi olduq. Düşmənlərimiz ötən 30 ilə
yaxın müddətdə Azərbaycan xalqının milli dəyərlərinə qarşı da vandal münasibət bəsləyib, milli keçmişimizi
özündə əks etdirən tarixi, dini abidələrimizə qarşı soyqırımı həyata keçirib. Bunu faktlar sübut edir. 28 il düşmən
işğalında qalan, Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində qan tökülmədən düşməndən azad olunan
Ağdam rayonu “Qafqazın Xirosiması” adlandırılmaqdadır. Bir faktı diqqətə çatdırmaq lazımdır ki, 1990-cı illərin
əvvəlinə kimi nəinki respublikamızda, hətta ümumittifaq səviyyəsində öz mədəniyyəti, tarixi, sənayenin inkişafı,
abadlığı ilə göz oxşayan Ağdam rayonu ermənilər tərəfindən yerləyeksan edilib. Azərbaycanın ilk bölgə Dram
Teatrı adını almış Ağdam Dram Teatrının gözoxşayan binası dağıdılıb. XVIII əsrin abidəsi sayılan, Ağdam
etimologiyasının yaranma səbəblərindən olan Pənahəli xanın İmarət sarayı, divanxanası, məzarı dağıdılıb,
yerləyeksan olunub. Dünya ictimaiyyəti bu faktları gözardı etməməlidir. Ağdam rayonunda yerləşən Şahbulaq
abidə kompleksi, tarixi hamam məhəlləsi, Cümə məscidi, Qarağacı qəbiristanlığı erməni faşizminin qurbanına
çevrilib. Qarağacı qəbiristanlığında hətta məzarlar açılıb, təhqir olunub. Bu, bir daha ermənilərin hansı
psixologiyaya, hansı simaya malik olduğunu ortaya qoymaqdadır.
Təəssüfləndirici haldır ki, Ağdam rayonu ilə yanaşı, digər rayonlarımızda da eyni analoji vəziyyət hökm
sürür. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Zəngilan, Cəbrayıl rayonlarında dağıntılar törətməklə
yanaşı, ekoloji tarazlığın pozulması üçün də bütün yollara baş vurublar. Zəngilanın dünyada ikinci, Avropada isə
birinci tarixi və nadir çinar meşəsi qırılıb, ağacların kökləri yandırılıb. Bu, bəşəri cinayətdir. Oxçu çayına axıdılan
zərərli maddələr nəticəsində su çirkli haldadır. Bütün bunlar ermənilərin Azərbaycanın milli sərvətlərinə qarşı
həyata keçirdiyi soyqırımıdır.
Ermənilər ötən 30 il ərzində İslam dininə mənsub tarixi abidələrlə yanaşı, həm də xristian-alban
məbədlərini də ya yerləyeksan etməyə, ya da özününküləşdirməyə çalışıblar. Həmin tarixi abidələrdən
Azərbaycanın izini silməyə çalışanlar elə dərk ediblər ki, bununla da özlərinə saxta tarix düzəldə bilərlər. Amma
bu, mümkün deyil. Çünki həmin ərazilər, orada olan abidələr və o abidələrin xüsusiyyətləri, tikilişləri birmənalı
şəkildə Azərbaycan tarixinin bir hissəsidir.
Hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin
sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəlləh əsgərə çevrilərək
torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi
üçün çalışmalıyıq. Nəzərə almalıyıq ki, artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən
qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlarımız yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd
təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə,
mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Qarabağ və ətrafındakı rayonlarda
həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin
ediləcək.
Vətən əzizdir. Vətən şirindir. Onu qorumaq, gücləndirmək, çiçəkləndirmək hər bir vətəndaşın borcudur.
Qarabağ Azərbaycandır!
Məleykə Ağayeva,
Sabirabad rayon Qaratəpə kənd ümumi orta məktəbinin direktoru


02:06 29.09.2022