

27 sentyabr – Anım Gününün ikinci ildönümünü Azərbaycan vətən uğrunda şəhid olan
qəhrəmanlarını hüznlə və ehtiramla yad etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Anım günündə Füzuli rayonuna səfər edərək
savaşın ilk günündə azad edilən Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılan abidə – qaya
parçasını ziyarət etməsi həm də simvolik xarakter daşıyırdı. Abidə önündə çıxış edən prezident Vətən
müharibəsi və ondan sonrakı dönəmlə bağlı vacib məlumatları bir daha ictimaiyyətin diqqətinə çatdırdı.
Çıxışında əsgər və zabitlərimizin qəhrəmanlığına toxunan dövlət başçımız bildirmişdir: “Qəhrəman
əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub
yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.
Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti,
canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz
düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə
müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin
sevincini yaşadıq.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş
meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış
məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli
Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi
dəyərləndirən Prezident İlham Əliyev “şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt
nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər
həmişə bu şanlı tarixlə fəxr edəcəklər” – deyə vurğulayıb.
Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt
barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi
gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında
çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa
əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin
diqqətinə çatdırırdı.
Prezidentin çıxışında hər zamankı kimi Azərbaycana və dünyaya bəyan edilən əminlik mesajı var
idi. Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin suverenliyinə hər hansı bir təhdidə imkan
verilməyəcəyini inamla söyləyən prezident əks halda ölkəmizin gərəkən addımları atacağını bir daha
bəyan etdi. Amma dövlətimizin qüdrətinin düşmənin hər hansı cəhdinə şans tanımadığı da prezident
tərəfindən ifadə olunub: “Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat
həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Telman Əzimov,
Sabirabad rayon Mədəniyyət İşçiləri Həmkarlar təşkilatının sədri