isaznow.com
Az Iw En Ru

Milli maraqlarımızın müdafiəsi Prezident İlham Əliyev üçün ən ali dəyərdir

Prezident İlham Əliyevin xarici siyasət kursunun uğurları müstəqil dövlətçiliyimizin inkişafında
böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət başçısının əldə etdiyi uğurlar bütün dünyaya
məlumdur. Erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı
ordumuz tərəfindən başlayan zəfər yürüşü nəticəsində düşmənin darmadağın edilməsi heç vaxt
yaddaşlardan silinməyəcək. Zəfərlə başa çatan 44 günlük haqlı savaşımız diplomatiya meydanında da
böyük uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. Başqa
sözlə, Prezident İlham Əliyev işğala əsaslanan və uzun illər davam edən status-kvonu dəyişməyi
bacardı.
Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək
Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin və təhdidlərin də öhdəsindən layiqincə gəldi və
bütün dünyaya güclü, qüdrətli lider olduğunu bir daha sübut etdi.
Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali
Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu, dövlətimizin başçısının 17 il ərzində insanların
dərin rəğbətini qazanmasının parlaq sübutu idi. Vətən müharibəsindəki möhtəşəm Qələbə ölkə başçısı
İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, ölkəmizin milli maraqlarını qətiyyətlə
müdafiə etdiyini bir daha göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb
meydanında Müzəffər Sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi sərgilədi. Bütün
bunların nəticəsidir ki, 44 günlük hərbi əməliyyatlar ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın
müdafiəsinə qalxmadı. Azərbaycan isə bütün dünyaya BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən
özünün suveren hüquqlarını qoruduğunu, ölkəmizin təcavüzə məruz qalan dövlət kimi özünümüdafiə
haqqını gerçəkləşdirdiyini və buna görə kiminsə onun haqq mübarizəsini əngəlləmək gücündə
olmadığını bəyan etdi. Bu məqamda xatırladaq ki, savaş günləri ərzində Fransa istisna olmaqla,
dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanın müdafiəsinə qalxmadı. Beləliklə, Ermənistan siyasi
baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda dünya işğalçının məhz
Ermənistan olduğunu gördü.
Prezident İlham Əliyev müharibə dövründə 30-a yaxın xarici KİV-ə müsahibə verdi.
Dövlətimizin başçısı həmin müsahibələri ilə dünya ictimaiyyətində Qarabağ problemi, habelə bu
münaqişənin hüquqi aspektləri haqqında aydın təsəvvür yaratdı. Başqa sözlə, Ali Baş Komandan İlham
Əliyev beynəlxalq müstəvidə Qarabağın və Şərqi Zəngəzurun məhz tarixi Azərbaycan torpaqları
olduğunu faktlarla sübut etdi.
Bununla da dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi müdrik,
uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın təcavüzkar, məkrli planları alt-üst
oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgər və
zabitlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızı azad edərək xalqımıza möhtəşəm
Qələbəni ərməğan etdi. Yurdundan didərgin düşən yüzminlərlə soydaşımızın doğma ata-baba yurduna
qayıdış ümidləri reallığa çevrildi.
Postmüharibə dövründə Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara ənənə halını
almış səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş
rayonlarımızın yenidən qurulması layihələri ilə bağlı yerində qərar qəbul etmək məqsədi daşıyır. Dövlət
başçısının tapşırığı əsasında hazırlanan baş planlar işğaldan azad edilmiş yaşayış məskənlərinin
müasirliklə tarixiliyin sintezinə əsaslanan şəhərsalma-arxitektura elementləri əsasında bərpasına və
yenidən qurulmasına imkan yaradır.
Beləliklə, Ali Baş Komandan olaraq Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də
informasiya cəbhəsində mahir Sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi.
Bu gün qalib ölkəmizin başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın
ürəyindən xəbər verir. Ən əsası, cənab İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası,
hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda
Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoyur.
Bir daha sübut olunur ki, milli maraqlarımızın müdafiəsi Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Xalid Əhmədov,
Qaçqınkom Sabirabad rayon şöbəsinin məsləhətçisi


17:09 29.09.2022