isaznow.com
Az Iw En Ru

Böyük siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi

Xalqı tarixdə yaşadan onu yetirdiyi böyük şəxsiyyətlərdir. Azərbaycan xalqının  yetirdiyi şəxsiyyətlərdən
biri də xalqımızın böyük oğlu, ulu öndər, türk dünyasının fəxri ulu öndər Heydər Əliyevdir. Mənalı ömrünü
Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fiziki və
mənəvi tərbiyəsinə həsr edən ümummilli lider Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı naliyyətlərin
ilhamçısı və təşkilatçısıdır.
Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlandı. Böyük siyasi şəxsiyyət Heydər Əliyev
xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı ulu öndər Heydər
Əliyev qətiyyəti, cəsarəti, iradəsi, həmişə uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq nümunəsi olmuşdur.
Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər
keçdikcə daha dərindən dərk olunur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri,
məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə
əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyev
xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin ən yeni tarixində
böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını
yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını
mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni,
antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək,
Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi
yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış,
cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik,
cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi
vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı
meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi
böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti
yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə
götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək,
Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını
qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi.
Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin böyük etimadını qazanması
xalqımızın onun dönməz siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik təcrübəsinə olan inamından, ən əsası Vətən,
xalq sevgisinin böyüklüyündən irəli gəldi: Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli
Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk
addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.
Ulu öndər Heydər Əliyev o zaman  hakimiyyət başına  gəlməsi, bir-birinin ardınca  həyata keçirdiyi
tədbirlər sözün həqiqi mənasında böyük  qəhramanlıq, hər şeydən əvvəl vətəndaşlıq hünəri idi. Cəbhədə atəşkəs
elan olundu, ordu quruculuğu sahəsində səmərəli addımlar atıldı, iqtisadiyyatın  inkişafı üçün  təcili tədbirlər
görüldü, demokratikləşdirmə prosesinə təkan verildi, iqtisadiyatımız dirçəlməyə başladı, respublikamızı tədricən 
düşdüyü ağır böhrandan  qurtardı.
Dahi şəxsiyyətin şərəfli ömrünün tarixi səlnaməsi zəngin təlim-tərbiyə məktəbidir. Ulu öndərin vətənə,
xalqa, doğma torpağa hədsiz məhəbbət və sədaqət hissi Azərbaycana rəhbərlik etdiyi illərdə misilsiz uğurlar
qazandırdı. Onun şərəfli ömür səlnaməsi gənclərin təlim-tərbiyə xəzinəsidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi parlayacaq” kəlamı zaman ötdükcə
ümummilli liderin böyük təməllər üzərində qurduğu Azərbaycanın dünyaya günəş kimi parladığının şahidi oluruq.
Heydər Əliyev müdrik siyasətinin ilhamlı davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 
Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi aparır və ümumxalq məhəbbəti qazanır.
Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu
öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Zəfər Cəfərov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq


18:27 04.10.2022