

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanla dost və
tərəfdaş olan ölkələrin sayı kifayət qədər çox saydadır. Bolqarıstan da ölkəmizlə dost və strateji tərəfdaş
ölkələrdən biridir. Ölkələrimiz arasında əlaqələr 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannaməyə əsasən çox yüksək səviyyədə qurulmuşdur. Azərbaycan-Bolqarıstan əlaqələri bir
sıra sahələri əhatə etməklə yanaşı münasibətlər davamlı olaraq genişləndirilir və inkişaf etdirilir.
Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz
arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamədə təsbit olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə
çatdırmışdır. Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən
ölkə başçımız öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən
də bəhs etmişdir.
Hazırda Azərbaycanın çox böyük həcmdə qaz ehtiyatlarının olduğu təsdiq edilmişdir. Bu
ehtiyatların həcmi 2,6 trilyon kubmetrdir. Eyni zamanda, Azərbaycan çoxşaxəli qaz nəqliyyat
infrastrukturuna malikdir. Mövcud imkanlar əsas verir ki, Azərbaycan bir çox ölkələri təbii qazla təmin
etsin. Bolqarıstan da ölkəmizdən qaz ixrac edən ölkədir. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının
həcminin artırılması nəzərdə tutulub ki, bu məsələdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru
layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan qazının Avropaya daha geniş
miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də
çox böyük faydası olacaqdır.Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini
dünya və Avropa bazarlarına ixrac edir.
Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi
planlaşdırır. Buişdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji
tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha
da genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam
neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində
SOCAR-ın imkanlarından istifadə olunması əsas hədəflərdəndir.
Bolqarıstana səfəri zamanı Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın geniş tranzit
imkanlarına malik olmasına diqqət çəkərək bu imkanlardan Bolqarıstanın da yararlana biləcəyini
bildirmişdir. Həqiqətən də bu gün Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bura
dəmir yolları, avtomobil yolları və yeni Beynəlxalq Dəniz Ticarət Limanı daxildir.Bütün bu infrastruktur
obyektlərinin yaradılmasında məqsəd Azərbaycan üzərindən tranzit yüklərinin həcminin artırılmasını
təmin etməkdir. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində isə bu istiqamətdə uğurlara imza atılır.
Cari ildə tranzit yüklərin həcminin təqribən 50 faizə yaxın artması bu deyilənlərə əyani sübutdur. Bir
sözlə, Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın
dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.
Odur ki, ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib.
Rəşid Bağırov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
böyük məsləhətçisi