

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx
əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında
birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək
səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Ölkələrimiz
arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir.
Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilir. Enerji təhlükəsizliyi sahəsində əlavə addımların
atılacağı nəzərdə tutulur.
Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki
şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac
ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulmuşdur. Azərbaycan uzun illərdir,
etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni
edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu
interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan
verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında
Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan
Avropaya qaz ixracatını ən azı iki dəfə artıracaqdır.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz
nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə
edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.
SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı
ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı
əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun
yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır.
Yeni geosiyasi vəziyyəti nəzərə alsaq,nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir.
Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil
yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki,
Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.
Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da
böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək
uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın
dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.
Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır.
İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır və bu imkanlar geniş vüsət alaraq
həm tarixi torpaqlarımızın inkişafı üçün zəmin yaradacaq,həm də Azərbaycanın beynəlxalq nüfuzunu
daha da artıracaqdır.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri