isaznow.com
Az Iw En Ru

İşğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində bərpa olunacaq

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda
“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və
yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mötəbər
Forumun açılış mərasimində iştirak ediblər.
Belə beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə Milli Şəhərsalma
Forumu keçirilir. Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının
(ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçirilir. Post-konflikt şəraitində yenidənqurma və
reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli
Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz
qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı
İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin,
burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilir.
Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli
əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair
çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq
üçün platforma rolunu oynayacaq.
Qeyd edək ki, Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə şəhərsalma
məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində baş tutacaq. Belə ki,  2022-ci ildə
şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə 3 oktyabr tarixində “Karbonsuz dünya
üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri
Günü ilə start veriləcək.
Azərbaycanda Milli Şəhərsalma Forumunun keçirilməsi azad olunmuş ərazilərimizin bərpası
istiqamətində bizim qarşımıza da xeyli imkanlar açır.
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı Sabirabad şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi


16:07 08.10.2022