

Qırx dörd günlük müharibədən sonra 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və
atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalansa da tərəflər arasında bu
günə kimi yekun sülh sazişinə nail olunmayıb. Çünki təcavüzkar Ermənistan götürdüyü öhdəliklərə əməl
etməyərək zaman-zaman törtədiyi təxribatlarla iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını ləngidib.
Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət,
qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Dövlət başçısı
oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, sülh müqaviləsinin beş
prinsipi mümkün qədər tez paraflanmalıdır: “Sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında
başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini
qapadacağıq”.
Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı,
regional layihələrin reallaşdırılması istiqamətində də uğurlu fəaliyyət göstərir. Artıq Azərbaycan, Rusiya və
Ermənistan rəhbərlərinin Moskvada əldə etdikləri razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat
əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsi davam etdirilir. Əslində 2020-ci il noyabrın 9-da və 2021-
ci il yanvarın 11-də imzalanan sənədlər bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmanın
məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə
dəmir yol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil
yolunun qurulması və dəmir yolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir. Çox təəssüf ki, Ermənistan öz
öhdəliklərini pozaraq hələ də dekonstruktiv addımlar atmaqda davam edir. Prezident İlham Əliyev Praqada
Azərbaycan televiziya kanallarına müsahibəsində kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin
hissəsi olmadığını bildirib: “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın
10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də
müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu hətta
gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan
keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq-
əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail
olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
Təbii ki, bu dəhliz mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Əvvəla, ölkə başçısının
söylədiyi kimi, ilk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də
yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Təxminən 30 illik fasilədən sonra Azərbaycan və onun
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu da Azərabycanın
strateji, iqtisadi, və siyasi məqsədlərinin daha sürətlə reallaşmasına yol açacaq.
Digər yandan isə bu yoldan yalnız Azərbaycan deyil, eyni zamanda, regionda maraqları olan dövlətlər də
maksimum yararlanmaq imkanı əldə edəcəklər. Bu baxımdan ölkə başçısının qeyd etdiyi kimi, regionun gələcək
inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Zəngəzur dəhlizi yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran,
Ermənistanın deyil, qonşu ölkələrin də maraqlarına cavab verir. Bu koridor həm də Ermənistanın blokadadan
çıxaraq yeni əməkdaşlıq mühitində çətin iqtisadi vəziyyətdən qurtulması üçün əsas şanslardan biri ola bilər.
Bütövlükdə yeni koridor bölgənin inkişafına böyük töhfələr verəcək. Bu mənada Ermənistan qeyri-konstruktiv
hərəkətlərinə son qoymalı, regionda davamlı sülhün bərqərar olması üçün 2020-ci il 10 noyabr Bəyanatının
şətlərinə əməl edərək kommunikasiyaların açılmasına şərait yaratmalı Azərbaycanın bütün dünya tərəfindən
qəbul edilən ərazi bütövlüyünü tanımalıdır.
Yeri gəlmişkən, Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının
Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş
naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş Bəyanatda
deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin
ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
Nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanımış oldu.
Təbii ki, bütün bunlar cəmiyyətimiz tərəfindən Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi,
Azərbaycanın diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilir.
Bahadur Cəfərov,
Sabirabad RİH başçısının Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi