isaznow.com
Az Iw En Ru

Sülhə yavaş-yavaş yaxınlaşırıq

Oktyabrın 6-da  dünyanın diqqəti Çex Respublikasına yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının
Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi”
Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit
çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada
çıxışı, eyni zamanda, Azərbaycan televiziya kanallarına müsahibəsində  Azərbaycanın hazırkı dövrdə 
beynəlxalq münasibətlər sistemində artan mövqeyini, Ermənistana ciddi mesajlarını və sair kimi
çağırışları  özündə əks etdirən  bəyanatları  ölkə və dünya mətbuatında geniş müzakirə olunur.  Onu da
qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır.
Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf
etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər. İlk dəfə
keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik
ruhunda bir araya gətirir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex
Respubilkasının  dəvəti  ilə Zirvə Toplantısında iştirakı, eyni zamanda, yeni siyasi platformanın
fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirə bilərik. Bu
baxımdan ki, Azərbaycanın ədaləti və beynəlxalq hüququ xarici siyasətinin prioritet istiqaməti kimi
qəbul edərək hər bir məsələnin  həllində bu yanaşmanı ortaya qoyan və bununla bağlı digər dövlətlərə də
çağırış edən qalib ölkə olaraq  yeni reallıqların müzakirəsində iştirakı mütləqdir.
Bu, dövlət başçısı  İlham Əliyevin  qətiyyətinin, Azərbaycanı daim  irəli aparmaqla yanaşı, heç
bir xarici  qüvvənin ölkəmizin  siyasi iradəsinə təsir etmək gücündə olmadığını, bizimlə ultimatum dili
ilə danışmaq imkanının yoxluğunu ən yüksək tribunalardan bəyan edən Liderdir. Dünya Azərbaycanın
dövlət başçısı İlham Əliyevin  44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi
olub. Mövqeyindən bir addım belə mövqeyindən geri çəkilməyən Müzəffər Ali Baş Komandan 
müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiqlər göstərilsə də sonadək gedəcəyini, eyni zamanda,
hansı halda müharibənin dayandırılmasının mümkünlüyünü diqqətə çatdırdı. Azərbaycan bu gün də
dövlət başçısının qətiyyətli mövqeyinin sayəsində dünya birliyinin fəal üzvü olaraq  cərəyan edən
proseslərə təsir imkanlarını ortaya qoyur,  bəzi dünya güclərinin Ermənistana dəstəkdən irəli gələn
təkliflərini təmkinlə, diplomatik şəkildə  cavablandırır və bununla bir daha  Azərbaycanın siyasətində
müstəqil  olduğunu nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik”
mövzusunda dəyirmi masada  bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin
rolunu qeyd etdi, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkdi. Bu prinsipə münasibətdə eyni
yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini
vurğuladı. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini
diqqətə çatdırdı.
Azərbaycan və Ermənistan bir- birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı,  BMT
Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın
ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki,  Aİ
və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan
regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə, müstəqil siyasətinə  dəyər
verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd
monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə
missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə
və dəstək verəcək. Ermənistan sərhəd missiyasına razılıq verməklə  müstəqil dövlət olmadığını bir daha
təsdiqlədi. İlk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bugünədək bəzi dünya güclərinin
maraqlarının ifadəsində oyuncağa çevrilib. Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi 
digər tərəfdən  Rusiyaya qarşı yeni  və ciddi addımdır.
Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri


04:33 10.10.2022