

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri kifayət qədər uğurlu oldu. Prezident İlham
Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə Toplantısına dəvət olunması və iştirakı dövlətimizin başçısının
beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, “Avropa Siyasi Birliyi” qitənin
ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran
məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini,
sabitliyini və rifahını gücləndirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə
keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik
ruhunda bir araya gətirib.
Praqada ən diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa
Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş
naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub.
Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata
bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini
tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və
komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla
sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə
əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır.
Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi
geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin, Azərbaycan diplomatiyası hər bir
görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional
geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün
təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin
açılmasında maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi
kontekstdə analizinə ciddi ehtiyac duyulur. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə
Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar
bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və
təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır.
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini