isaznow.com
Az Iw En Ru

Azərbaycan-Qırğızıstan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız
Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci
Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.
İclas başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının
Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti
SadırJaparov imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sadır Japarov mətbuata
bəyanatlarla çıxış ediblər.
Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev
yarım il öncə Bakıda keçirilən görüşü məmnunluqla xatırlayaraq deyib: “Münasibətlərimizin belə
dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin
Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”
imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim
səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın
dərinləşməsinə kömək edəcək”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türk dünyası yeni potensial əldə edir. Həm
Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin
möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən
ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və
xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə
malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-
iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət
edəcək. Effektiv əməkdaşlığın konkret nümunələri də ortadadır. Azərbaycanın iki peyki – “Azersky” və
“Azerspace-1” qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-
Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması
və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
Cari ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi
oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin isə
Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalarəlaqələrimizin gələcək
konturlarını müəyyən edir. Belə ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da
yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin
nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və respublikamız
beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı
infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilib. Təsadüfi deyil ki, son illər
Qazaxıstan məhsullarının Azərbaycan üzərindən tranziti əhəmiyyətli dərəcədə artıb.
Emil Heydərov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


01:12 14.10.2022