isaznow.com
Az Iw En Ru

Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir

Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin
strateji xəttini təşkil edir. Dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan qurub
yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun
müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək
səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə
yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri
danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilk gündən türkdilli dövlətlərin keçirilən bütün Zirvə
görüşlərində yaxından iştirak edib, ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə
çıxış edib. Heç də təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz
Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişlə yaradılıb. Türk Şurasının sıralarının
genişlənməsində və təşkilata çevrilməsində dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsləri
mühüm əhəmiyyət kəsb edib.
Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il
reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin
Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və əldə olunan razılaşmalar
bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə
Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar. Bu il aprelin 20-də Qırğızıstan
Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və
Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlaqələrin
strateji xarakterini göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Qırğız Respublikasına səfərini iki
ölkə arasında münasibətlərin inkişafı baxımdan səmərəli hesab edirəm. İnanırıq ki, burada keçirilən
görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli
töhfələr verəcək, ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması iki ölkə arasında iqtisadi əlaqələrin
genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya
sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Həmçinin əldə olunan razılaşmalar,
imzalanan digər sənədlər bütün sahələrin – təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin
inkişafı üçün də səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin tranzit
imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan
Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini güclədirə bilər.
Bişkekdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı
Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın
göstəricisidir. Heydər Əliyev türk dünyası tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir və
ideyaları hər zaman yaşayacaq. Eyni zamanda onun siyasi irsi gələcək nəsillər üçün zəngin xəzinə,
tükənməz sərvətdir. Bundan başqa, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi
adına 103 saylı məktəbin açılması iki dövlət arasında döstluq münasibətlərini gücləndirəcək,
xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Zaur Dəmirov,
Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


17:16 13.10.2022