

Möhtərəm Prezident cənab İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi
2003-cü ilin 15 oktyabr tarixindən 19 il ötür. 19 il öncə - 2003-cü il 15 oktyabr seçkilərində xalqın
mütləq əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev öz hakimiyyətinin
başlanğıcı ilə həm də Heydər Əliyevlə inkişaf edən Azərbaycanın intibah dövrünün yeni mərhələsinin
bünövrəsini qoydu. Məhz həmin seçkilərin nəticəsi olaraq, Azərbaycan xalqı Ümummilli Lider Heydər
Əliyevdən sonra hakimiyyətdə özünün inandığı, arxalandığı bir lideri - İlham Əliyevi görürdü.
Cənab İham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə
qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün
yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident
seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli Liderin
siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü.
Cənab Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və
həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir
azərbaycanlının Prezidenti olacağam”,- deyən cənab İlham Əliyev ilk növbədə həmin tezisin
reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı.
Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni
Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP
milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi
qüvvəyə çevrilib. Bu gün isə sonsuz qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan
Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin
xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən Yeni Azərbaycan Partiyasının
nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrilib.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər,
dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və
çiçəklənmə dövrünü yaşayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev
sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi qazandığı zəfər
ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsidir. Qalib Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində aparılmış Qarabağ müharibəsi
dünya hərb tarixinin fərqli hadisəsidir. Bu, XXI əsrdə Vətən torpaqlarının işğalçılardan azad olunması
uğrunda aparılan ədalətli müharibə nümunəsidir. Qarabağ müharibəsində ən yeni hərbi texnologiyaların
bacarıqla tətbiq edilməsi ilə vətənpərvərlik ruhunun üzvi surətdə birləşdirilməsi hərb tarixinin yeni
mərhələsinin canlı təzahürüdür. Qarabağda qazanılmış böyük tarixi zəfər cənab Prezident İlham
Əliyevin simasında qalib Ali Baş Komandan olmağın isbatıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında xalqımızın özünün
qüdrətli lideri ilə ürəkdən fəxr etməsi və dərk olunmuş şəkildə iftixar hissi yaşaması danılmaz
gerçəklikdir. Möhtərəm Prezidentimizin dünyada və ölkəmizdə sülh, əminamanlıq və inkişaf naminə
həyata keçirəcəyi daha böyük gerçəkliklər hələ qabaqdadır. Bir sözlə, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev dünyada müasir dövrün Liderlik modelinin ən real gerçəkliyidir.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi