isaznow.com
Az Iw En Ru

Ölkə Prezidentimiz Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda mühüm mesajlar verdi

Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex
Respublikasının  Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında
iştirakından sonra Qırğızıstana rəsmi səfəri, onun ardınca  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak
etmək üçün  Qazaxıstana işgüzar səfəri ölkəmizin dünyada böyük nüfuzuna, Asiya ilə Avropa, Şərqlə
Qərb arasında körpü rolunun güclənməsinə,   dünyada dialoqun inkişafına, sülh və sabitliyin,
təhlükəsizliyin möhkəmlənməsinə töhfələrinin artmasına bir daha aydınlıq gətirdi. Ölkə Prezidentinin
Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada
çıxışı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin olunmasına, o cümlədən dünya siyasətində yeniliklərə yol açmasına işıq
saldı.
Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə  müxtəlif mədəniyyətləri, dinləri bir araya
gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı İlham
Əliyevin son səfərləri bunu bir daha təsdiqlədi.  Avropa ailəsinin Azərbaycanı, dövlət başçısı İlham
Əliyevi yeni yaradılan siyasi platformanın Zirvə Toplantısında  görmək istəyi,  müzakirə olunan
məsələlərdə  ölkəmizin  mövqeyinə verdiyi önəm  sözümüzün nə  qədər əhəmiyyətli olduğunu nümayiş
etdirdi. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və  maraqlar prinsipi əsasında əlaqələr quran
Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul
edir.  Onları birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı
səmərəli fəaliyyətinin əsasını təşkil edir.
Dövlət başçısı İlham Əliyev daim türk dünyasının birliyinə çalışaraq  Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına
çağırışlar edir.  44 günlük  İkinci Qarabağ müharibəsində  dünyaya nümunə olan bu birlik, həmrəylik bir
çox məqamları özündə ehtiva edərək türkdilli  dövlətlərin postmünaqişə dövründə də birliyi məsələsini
daha da aktuallaşdırdı. Son vaxtlarda dövlət başçısı İlham Əliyevin reallaşdırdığı səfərlərə, keçirilən 
tədbirlərdə  çıxışlarına, görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirsək bütün bunların tarixi
Zəfərimizdən sonra qarşıda dayanan  vəzifələrə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının
qəbuluna həsr olunduğunu görərik.
Ümumilikdə dövlət başçısı İlham Əliyevin ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi
məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi


03:48 16.10.2022