isaznow.com
Az Iw En Ru

Azərbaycan həm Şərq, həm də Qərb üçün mühüm əhəmiyyət kəsb edir

Artıq Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Prezident
İlham Əliyevin Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısından sonra Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına qatılması bunu bir daha
təsdiqləyir. Ümumiyyətlə, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan Türk
Dövlətləri Təşkilatının da bu istiqamətdə rolunun artırılmasına xüsusi töhfə verir. Prezident İlham
Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müqavilələr və keçirilən bir sıra tədbirlər bu
mənada mühüm əhəmiyyət daşıyır. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən Birinci Dövlətlərarası
Şuranın iclası da strateji tərəfdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin göstəricisidir.
Tərəflər 100 milyon dollarlıq qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaqda maraqlıdır. Qırğızıstan-
Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan geniş perspektivlər açır. Azərbaycan etibarlı
sərmayə ixracatçısı kimi Qırğızıstan üçün cəlbedici tərəfdaşdır.
Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında nəqliyyat-tranzit sahəsində
əməkdaşlığa da xüsusi önəm verirlər. Xəzərə çıxışı olan, eyni zamanda, Orta Dəhlizin bir hissəsini təşkil
edəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Qırğızıstana Xəzər hövzəsində əhəmiyyətli
mərkəzə çevrilən Azərbaycanın tranzit imkanlarından istifadə etmək üçün əlavə şərait yaradır.
Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən toplantıda
iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır. Ümumiyyətlə,
Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə seçilir. Bu gün Türk
Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Bu, yalnız
iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün istiqamətlərdə, o cümlədən
təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir. Görünən odur ki, Azərbaycanın
istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində, istərsə də Xəzər-Sakit okean-Hind
okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da artır. Bu isə Azərbaycanın müasir
dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü statusunun daha da möhkəmlənməsidir.
Bu mötəbər toplantıda ölkə başçısı həm də Azəbaycanın yaşadığı problemlərə toxunub.
Vurğulanıb ki, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin
hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci
Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina
partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə,
Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25
milyard ABŞ dolları lazımdır. Hazırda mina problemi işğaldan azad edilən ərazilərdə aparılan
genişmiqyaslı quruculuq işlərinə ciddi şəkildə mane olur.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:51 16.10.2022