

1993-cü il avqustunda havadarlarına güvənən Ermənistan silahlı qüvvələrinin hücumu bir həftə
sonra, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə nəticələndi. Rayonların mülki əhalisinin bir
hissəsi daxil olmaqla maddi və mədəni sərvəti məhv edildi, təbii ehtiyatları talan edildi, yaşayış və
ictimai binaları amansızcasına dağıdıldı. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər
tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın soydaşımız doğma yurdundan didərgin düşdü.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək ərazini əhatə
edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Arazçayı boyunca İranla həmsərhəddir. 1386
kvadrat kilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox olmuşdur. 5 yanvar
1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış
məntəqəsi işğaldan azad olunmuşdur. Əsası 1827-ci ildə qoyulan, ilk adı Qarabulaq olan rayon böyük
Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb.
Ərazisindəki Qaraköpək təpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər
yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut
edilib. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15
kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük
nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu
aşkarlamaqdadır. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə yerli sakin
döyüşüb, yüzlərlə sakin şəhid olub, yaralanıb və itkin düşüb. Füzuli Qarabağ müharibəsində ən çox itki
və şəhid verən rayonlardan biridir. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov
götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü
nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri atasız-anasız qalıb. Azərbaycanın
ümummillilideri Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən
sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara
qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı
qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli
əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz
qəsəbəsi və 22 kənd düşməndən təmizləndi.
Düz 30 ilə yaxın uzun bir dövrdən sonra, öz müstəqilliyini təmin etmiş, güclü iqtisadiyyata və
orduya malik olan dövlətimiz, erməni təcavüzkarlarının işğalçılıq siyasətinə artıq dur deyərək
torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə başladı.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli,
Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində
işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən
müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu
döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş
vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd
rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.
İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən
həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır!
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri