

Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri bir araya
gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Dövlətimizin başçısı
İlham Əliyevin son səfərləri bunu bir daha təsdiqlədi. Avropa dövlətlərinin Azərbaycanı, Prezident
İlham Əliyevi yeni yaradılan siyasi platformanın Zirvə Toplantısında görmək istəyi, müzakirə olunan
məsələlərdə ölkəmizin mövqeyinə verdiyi önəm sözümüzün nə qədər əhəmiyyətli olduğunu nümayiş
etdirdi.
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası
keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının
iclasındakı çıxışlarında artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin davam etdiyi 30 illik
işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda sülh müqaviləsinin
imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi. Azərbaycanın bütün sahələrdə
mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı.
Çıxışında Ermənistanın Bəyanatın özünə aid hissəsini icra etmədiyini vurğulayan dövlətimizin
başçısı deyib: “Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi
təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı
qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var.
2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa
seçimimiz qalmayacaq”.
Azərbaycan Prezidenti çıxışının sonunda iclas iştirakçılarının diqqətinə Qarabağ ermənilərinin
taleyi barədə Azərbaycanın mövqeyini çatdırıb. “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi
Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə
müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu
mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, – deyə
dövlətimizin başçısı vurğulayıb.
Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının gənc fəalı