isaznow.com
Az Iw En Ru

Fransa kimi bir dövlətin rəhbəri heç bir əsası olmayan iddialar səsləndirir

Bu il oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək beynəlxalq arenada Azərbaycan həqiqətlərini iştirakçı
dövlətlərin başçılarının nəzərinə çatdırdı. Dövlət başçısının bu çıxışı sözün həqiqi mənasında bütün
dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi kimi qiymətləndirilməlidir.
Öz çıxışında oktyabrın 6-da Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti,
Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş barədə məlumat verən
ölkə başçısı uzun müddətdir ki, ATƏT-in Minsk qrupunda üzv olan və bölgədə sülhə nail olmaq əvəzinə
daha çox təxribatçılıqla məşğul olan, təcavüzkara hər zaman haqq qazandıran və onu açıq-aşkar
dəstəkləyən Fransanın və onun prezidentinin fəaliyyətinə də toxunmuşdur.
Qeyd etmək lazımdır ki, son 30 ildə təcavüzkar Ermənistanın havadarlarının köməyi ilə
Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə bu ölkə rəsmilərinin sərgilədikləri birtərəfli mövqe,
hazırda isə E.Makronun murdar ənənəni daha eybəcər və çılpaq formada davam etdirməsi belə qənaətə
gəlməyə tam əsas verir və Fransanın iç üzünü bir daha göstərir. E.Makron əminliklə bildirib ki, Fransa
Ermənistanı tək qoymayacaq. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu
bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək
buraxmayacağıq”.
E.Makron öz sələflərinin yolunu davam etdirərək Ermənistanı hər vəchlə dəstəkləməyi özünə
borc sanır. Ortada başqa səbəblər var. Söhbət seçkilərdə Fransadakı güclü maliyyə imkanlarına malik
böyük erməni icmasının dəstəyini qazanmaq istəyindən və digər maraqlardan gedir. Bu gün Fransada
700 mindən çox erməni yaşayır. Bildirilir ki, burada ermənilər özlərini Ermənistandakından daha rahat
hiss edirlər. Onların ana dilində təhsil almalarına, öz dillərində qəzet-jurnal buraxmalarına,
təşkilatlanmalarına, Ermənistana dəstək fondları yaratmalarına, biznes fəali¬yyətlərinə “yaşıl işıq”
yandırılır. Bunun da səbəbləri bəllidir: Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq, lobbinin
maliyyə imkanlarından bəhrələnmək.
Qərəzçilik Fransa prezidentinin “Rusiya Azərbaycan tərəfindən çıxış edir, Ermənistanı
zəiflətməyə çalışır” səslənməsində də özünü açıq-aydın büruzə verir. Emmanuel Makron Azərbaycanla
Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs
edərək hadisələri Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq
səyləri çərçivəsində törədilən məqsədli təxribat” kimi dəyərləndirib. Yəqin ki, E.Makron da gözəl bilir
ki, bu gün kasıb, resursları olmayan, dalan ölkə sayılan Ermənistan ayaqda qalmağına görə məhz
Rusiyaya borcludur. Rusiya Ermənistana böyük həcmlərdə investisiya yatırıb. Forpost dövlətin bir sıra
strateji əhmiyyətli infrastruktur obyektlərinin idarəçiliyi, enerji məhsulları ilə təminatı birbaşa Rusiyaya
bağlıdır. Digər tərəfdən, imkanları məhdud olan Ermənistan Türkiyə və İranla olan sərhədlərinin
qorunmasını da Rusiyaya həvalə edib. Bütün bunların fonunda Fransa kimi bir dövlətin rəhbəri heç bir
əsası olmayan iddialar səsləndirir.
Sərhəddə baş verənlərin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycanın özgə ərazilərini zəbt etmək kimi bir niyyəti yoxdur, ancaq öz torpaqlarını qorumağa,
düşmənin təxribatlarına cavab verməyə də qadir dövlətdir. Təxribatlara əl atan tərəf isə məhz 44 günlük
müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən Ermənistandır. E.Makronun
günahkarın ünvanını gizlətməyə çalışması, burada digər bir dövlətin təxribat izini axtarması elə izləri
məqsədli şəkildə qarışdırmaq və beləliklə də, təcavüzkarı növbəti dəfə müdafiə etmək cəhdi kimi
dəyərləndirilməlidir.
Ölkə başçısı Astana görüşündə bəyan edib ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni
əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir.
Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcəkdir.
Tofiq Quliyev,
Sabirabad rayonu Nizami kənd sahə xəstəxanasının müdiri


16:35 18.10.2022