isaznow.com
Az Iw En Ru

Əbədi birlik nümunəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanışlıq məqsədi ilə növbəti dəfə cari
ilin oktyabrın 19-da Zəngilan rayonuna gələrək bir sıra mühüm əhəmiyyətli sosial obyektlərin istifadəyə
verilməsi və təməlqoyma mərasimlərində iştirak edərək Ağalı kəndində sakinlərlə görüşüblər.
Ertəsi gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra hər iki
qardaş ölkənin rəhbərləri mətbuata birgə bəyanatlarla çıxış etdilər.
Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə
malikdir. Bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm
qoymuşdur.  Xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və
mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının
sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi.
  Postmüharibə dövrünün reallıqları – elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir
daha təsdiqləyir.
Oktyabrın 20-də dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi.
İki qardaş lider – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını
edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən
yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi.   Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin,
möhtəşəm dostluğunun daha bir nişanəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib ki, bu gün
Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim
qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu
birliyi daha da gücləndirdi.
Bildirilib ki, azad edilən ərazilərdə inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər
çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. ərazidə avtomobil və dəmir yollarının,
habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Qısa
müddət ərzində ümumi uzunluğu 12 kilometr olamn 84 körpü tikiləcək, onların bir qismi artıq inşa
edilmişdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu
birgə edəcəyik.
Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq,
kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə-Azərbaycan
birliyi sarsılmazdır və ağır günlərdə, xoş günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır.
Dövlət başçımızın dediyi kimi: “Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə
olacaq».
Xəzər Abuşov,
Sabirabad rayonu Yolçubəyli bələdiyyəsinin sədri


17:50 24.10.2022