

Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə
birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun
mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Qərbdən Ermənistanla (120
kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. Qubadlı rayonu ilə
Bakı arasında olan məsafə 403 kilometrdir.
İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd
təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Qubadlı şəhərində 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan
“Neftqazavtomat” təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr də var idi. Müzəffər Ordumuz
tərəfindən 2020-ci ildə Qubadlı rayonunun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq
abidələrimiz də erməni əsarətindən qurtuldu. Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı
kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə,
Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini
abidələrlə zənginliyindən xəbər verir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər
öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz
qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə
qədər gəlib çatıb. Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş
"Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc,
ilk dəmir dövrünə aid edilir.
Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı Keyqubadın adı ilə bağlıdır. Tarixdə
Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində
Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan
zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində
Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda
13. 2 min hektar meşə sahəsi vardır. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır.
Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da var idi.
Qubadlı rayonunun mərkəzindəki müasir tipli xəstəxana şəhərciyi, ticarət mərkəzi, univermaq, bazar,
mehmanxana, kitab evi, Mahruzlu kəndindəki poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, İşıqlı, Diləli,
Müskanlı kəndlərindəki kitabxana binaları işğaldan qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində
30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir.
Qubadlıda təhsil sahəsi də inkişaf etmişdi. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb,
bir əyani-qiyabi orta məktəb var idi. Həmçinin 111 mədəni maarif müəssisəsi, 60 kitabxana, 10 mədəniyyət evi
fəaliyyət göstərirdi. Xanlıq kəndindəki 126 №-li orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif
peşələrə yiyələnirdi.
Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrdə bütövlükdə
Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və
azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 1988-ci ildən
başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki
tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid
verilib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. 31
avqust 1993-cü ildə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon
sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur.
25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi rəşadətli
Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın
suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
İşğaldan azad edilən Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır.
Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə
alınacaq. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq
yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını
nəzərə alır.
Qubadlı rayonu və digər işğaldan azad edilən ərazilərə qayıdan soydaşlarımız tezliklə bu torpaqları
dünyanın ən çiçəklənən diyarlarına çevirəcəklər. Yaşasın Qubadlı! Qarabağ Azərbaycandır!
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri