

Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal
edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində
yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda
yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri
bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlı və onun
ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Qubadlı şəhəri Qarabağ
yaylasının cənub-şərqində, yerləşir. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın
və Xocavənd rayonları ilə həmsərhəddir.
Qubadlı rayonunun azad edilməsinə dair ilk məlumatı biz oktyabrın 23-də alsaq da, rayon
ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat
sonra endirilməyə başlanmışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya
məntəqələrinə, sursat və yanacaq anbarlarına endirildi. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad
olunması həm düşmən ordusunun geri çəkilmə sürətini artırdı, həm də Ordumuzun mənəvi-psixoloji
üstünlüyünü daha yüksək səviyyəyə qaldırdı. Buna görə də Azərbaycan Silahlı Qüvvələri hücum
templərini artırmaqla Qubadlı rayonunun daha sürətlə azad edilməsi üçün münbit şərait yaratmışdı.
Ordumuz bundan kifayət qədər ustalıqla yararlandı. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər
mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd
isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən
Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarının təmizlənərək Azərbaycana qaytarıldı. Hazırda
dövlətimiz Qubadlının təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər ciddi tədbirlər görür.
Oktyabrın 25-də Prezident İlham Əliyev Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni
hərbi hissə kompleksinin açılışında iştirak etdi. Hərbi hissədə silah-sursata baxdıqda məlum olur ki,
dünyanın barmaqla sayılacaq qədər ölkəsində belə müasir silah arsenalına malik hərbi hissələrə rast gələ
bilərik. İyirmi beş hektarlıq kompleksin döyüş texnikası parkında helikopterlər, “Harop”, “Quzğun” və
“Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan
raketlər, minaatanlar, zenit qurğuları və digər müasir silah sistemlərinin mövcudluğu Azərbaycan
dövlətinin təhlükəsizik məsələlərində heç bir məsrəfdən çəkinmədiyini əyani nümayiş etdirir. Bu,
Azərbaycanın hərbi qüdrətinin və sərhədlərinin etibarlı qorunmasının göstəricisidir. Burada şəxsi heyət
üçün qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, iş otaqları, yeməkxana, yaşayış binaları,
anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu, şəxsi heyət üçün yaradılan dövlət qayğısının
təzahürüdür.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə
Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində
irəliləməyə başlayıb.Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis
olunub.Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda
döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının
azad olunmasına görə” medalı ilə təltif edilib.Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-
dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial,
dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə
olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir,
həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Bütün bunlara görə, Ali Baş Komandan, böyük
sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban
vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük
həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin
guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar
həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!
Niyaməddin Məmmədov,
Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri