

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə
gəlib. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə
tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilib ki, bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki
ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə
strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji
əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.
Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA
kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.
Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə
bu ölkəyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf
edir. Təbii ki, dövlətimizin başçısının Gürcüstana bu səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan
əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə
böyük töhfə verəcəkdir.
Hazırda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir.
Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstan Azərbaycana
259 milyon ABŞ dolları, Azərbaycan isə Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya
yatırıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə
irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini
dəfələrlə artırmağa imkan verib. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara
yaxınlaşıb.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində
irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və
sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə
yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə
Avropa üçün çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, enerji və nəqliyyat
sahəsində reallaşdırılan yeni layihələrlə Avropa İttifaqına qaz ixracı artırılacaq və 2027-ci ildə ildə 20
milyard kubmetrə çatdırılacaq. Təbii ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və
Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.
Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Həyata keçirilən irimiqyaslı layihələrin
sayəsində ölkəmiz elektrik enerjisi ixracını artıracaq, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan
enerji gücü 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcək. Bakı Tbilisi-Qars dəmir yolu vasitəsilə yük
daşımaları 5 milyon tona kimi artırılacaq. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə
qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır.
Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri
demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəlib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin
Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.
Şamil Heydərov,
Sabirabad rayon Mətbuatyayımın müdiri