isaznow.com
Az Iw En Ru

Gürcüstan Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri ikitərəfli əməkdaşlığın aktiv
fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Belə ki bu səfər iki
ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. İki ölkə başçısının
görüşündə Azərbaycan və Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi,
enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra
genişlənəcəyi qeyd olunmuşdur.  Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi
mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv
dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir.
Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz
arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Belə ki,
Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi
münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
Həmçinin Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə
irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini
dəfələrlə artırmağa imkan verib. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli
sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Belə ki,
Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir.
Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana
isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Ölkə başçısının da vurğuladığı kimi bu
sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. 2022-ci ilin 9 ayı
ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, iqtisadi sahədəki əməkdaşlığın
getdikcə daha çox sahəni əhatə etməsi qarşılıqlı münasibətlərin dinamik inkişafı üçün geniş
perspektivlərin olduğundan xəbər verir.
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini


16:25 27.10.2022