isaznow.com
Az Iw En Ru

Azərbaycanın bütün müstəvilərdə uğurun təminatçısıdır

Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü əsasında Soçidə Prezident İlham
Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşün
yekunları bir daha təsdiq etdi ki, məğlub ölkənin hansı təklif səsləndirməsindən asılı olmayaraq sülh
gündəliyini Azərbaycan müəyyənləşdirir. 
Bu görüş ilk növbədə bir reallığı da hər kəsə bəyan etdi - qalib komandan   İlham Əliyev
danışıqlar masasına bir şərtlə oturur ki, nəticədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığı kimi beynəlxalq hüququn prinsipləri prioritet tutulmaqla razılıq əldə edilsin.
Azərbaycan Prezidenti qətiyyətli mövqeyini elə üçtərəfli görüşdən öncə Vladimir Putinlə keçirilən
təkbətək görüşdə ortaya qoydu. Qalib komandan bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi iki il əvvəl
bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır.
Görüşün yekununda imzalanan bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz
əksini tapdı. Soçi Bəyanatı sülh gündəliyini qalib komandanın müəyyənləşdirdiyini bir daha  təsdiqlədi.
Sənədə əsasən tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın
vacibliyini vurğulayıblar.  Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam
etdirmək barədə razılaşıblar. Rusiya Federasiyası isə buna hər vasitə ilə köməklik göstərəcəyini
təsdiqləyib.
Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər
güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri
suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə
və həll etmək barədə razılığa gəliblər. Soçidə imzalanan Bəyanata əsasən, Azərbaycan və Ermənistan
bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi
götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha
təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də
tanımış oldu.  Soçi Bəyannaməsi də bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara
sadiqlik və eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana
bilər.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin lideri
Vladimir Putinlə təkbətək, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli
görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi milli maraqlarımızın təmin olunması
istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir. Həm
Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin
təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyişlərin
olduğu görünməkdədir.  
Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı.
Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb
meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu həm də o deməkdir ki,
İlham Əliyevin ölkəmizin  milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu
Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.
Elçin Quliyev,
Sabirabad rayonu, iqtisadçı-politoloq


18:13 03.11.2022