

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçirilmişdir.
Dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə keçirdiyi görüş, müzakirə olunan məsələlər iki
ölkə arasında münasibətlərin aydın ifadəsini yaradır. Bütün görüşlər kimi, Soçi görüşü də Azərbaycan
üçün uğurlu keçdi. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh
müqaviləsinin bağlnması üçün 5 prinsip təklif edib. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı Qərb
platformaları da mövcuddur. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Ermənistan vaxt itirmədən
konstruktiv mövqe nümayiş etdirməli, 10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi
silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə
sülhün gəlməsinə mane olmamalıdır. Sülh müqaviləsinin əsas şərtləri, sərhədlərin demarkasiya və
delimitasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Soçi görüşündə mövqeyi məhz bundan ibarət
olub, konkret olaraq bildirdi ki, bu gün vasitəçilər səylərini Ermənistanla Azərbaycan arasında
normallaşma prosesinə yönəltməlidir. İndiki mərhələdə ən vacibi budur və ümid edək ki, vasitəçilər
bundan doğru nəticə çıxaracaqlar. İndiyə qədərki mərhələdə Azərbaycan 30 ilə yaxın dövrdə
münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi
Rusiyadan problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözləyib. Liderlərin təkbətək
görüşləri zamanı da Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq
tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə
yoxdur.
Ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması
üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail
olmaq mümkündür. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm
qoyur. Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının
açıq siyasət yürütməsi ilə bağlıdır. Müsbət haldır ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması
üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Bunlar beynəlxalq hüququn
fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.Çünki Rusiya
Prezidentnin münasibətlərin normallaşdırlması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət
qədər fəal işləyir” deməsi buna əsas verir. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla
yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin
Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin
göstəricisidir. Ümumiyyətlə, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin
yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı
səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol
oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə
münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir.
Əlbəttə ki, əsas hədəf sülh müqaviləsinin imzalanması və sülhün, sabitliyin, təhlükəsizliyin və
Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin olunmasıdır. Azərbaycan dövləti də daim bu məsələ
üzərində çalışır. Cənab Prezident Soçidə rusiyalı həmkarı ilə görüşdə də bu məslənin bir daha qaldıraraq
“İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və
hərəkət etmək vaxtı yetişib” deyə, fikrini açılayıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və
çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir. Regionda
sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. Ümid edək ki,
Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti özünü göstərəcək, Rusiya bu istiqamətdə hansısa addımlar
atacaqdır. Çünki tərəflər arasında etimad mühitinin qurulması sülhyaratma prosesinin ən vacib
komponentlərindən biridir.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi