isaznow.com
Az Iw En Ru

Tarixi ədalətin bərpasına mühüm addımlardan biri də Soçi görüşü oldu

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərin
nəticələri bir daha sübut edir ki, Azərbaycan milli maraqları Prezident cənab İlham Əliyev üçün hər bir
məsələdən öndədir. Ölkə başçısı Rusiya Prezidenti ilə görüş zamanı bildirdi ki, artıq Qarabağ
münaqişəsi iki il bundan öncə başa çatıb və qarışda dayanan məsələ Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşdırılması üçün praktiki addımların atılmasıdır. Bu məsələdə isə Rusiyanın
vasitəçiliyi, eləcə də keçirilən ikitərəfli görüşlər dinamikliyi kifayət qədər artırır. Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün
ölkəmizin 5 prinsip irəli sürdüyünü diqqətə çatdıran Prezident cənab İlham Əliyev bu prinsiplərin
beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Məhz bu prinsilər əsasında münasibətlərin
normallaşdırlmasına nail olmaq mümkündür.
Soçidə keçirilmiş üçtərəfli görüşün sonunda imzalanmış Bəyanatın mətni ilə tanış olduqda da
görünür ki, bu görüş də məhz Azərbaycanın diplomatik üstünlüyü şəraitində baş tutub. Ümumiyyətlə,
Bəyanatda Qarabağ ifadəsi işlədilmir. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, Prezident cənab
İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili işidir”, fikirləri rəsmi sənədlərdə də öz əksini tapır. Əsas
istiqamət Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin
imzalanmasına nail ola bilməkdir. Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə rəğmən hər zaman sülh
tərəfdarı olub və ölkəmiz bu gün də bu prinsipi əsas tutur.
Ümumiyyətlə, ölkəmiz Cənubi Qafqaz regionunda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq
mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında yer alan əsas müddəalardan olan beynəlxalq
hüquq və normalara sadiqlik prinsipləri də elə məhz Azərbaycanın əsas istəyidir. Bu prinsiplər bir daha
təsdiq edir ki, bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-
Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının
qarşılıqlı tanınması əsasında müzakirə edilməklə həll olunmalıdır. Bir sözlə, Cənubi Qafqaz regionunda
davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq yarada bilmək üçün Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsi imzalanmalıdır. Azərbaycan qalib ölkə olaraq hərbi əməliyyatlar bitdikdən dərhal bu
təşəbbüslə çıxış etmiş, hətta lazımi əməli addımlar da atmış, lakin Ermənistan heç də sülhdə maraqlı
olmadığını dəfələrlə nümayiş etdirmişdir. Təbii ki, imzalanmış Soçi Bəyanatı bu istiqamətdə ciddi
nəticələrə nail ola bilmək üçün əsas rolunu oynayacaq. Eyni zamanda, Rusiya da proseslərin inkişafına
öz töhfəsini verəcəkdir.
Belə ki, Bəyanata da əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin
arasında dialoqu davam etdirmək, həmçinin, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək
məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın
formalaşdırılmasının vacibliyi qeyd olunur. Bir sözlə, Soçi görüşlərindən də bəlli oldu ki, proseslər
ölkəmizin xeyrinə cərəyan edir və Azərbaycanın diplomatik üstünlüyü birmənalıdır.  
Şükufə Əsgərova,
Sabirabad şəhər sakini, “əməkdar mədəniyyət işcisi”, təqaüdçü


14:15 04.11.2022