isaznow.com
Az Iw En Ru

Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş
keçirilib. Görüşdə, regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin
ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması,
sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra
məsələlər haqqında mühüm fikirlər səsləndirilib. Üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya
Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.Gözlənildiyi kimi, qalib Azərbaycanın
Lideri - Prezident İlham Əliyev dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi, Azərbaycanın bəhs
olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi.
Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın
təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə
çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan
qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Dövlət başçısının
bu fikri reallığın ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə dövründə qurucu və sabitləşdirici
mövqeyinin ifadəsidir.Sirr deyil ki, ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin
tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də,
Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin
müəyyənləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi mövcud reallıqlara əsaslanır və regional təhlükəsizliyə 
yönəlib. Azərbaycan Prezidenti görüş zamanı bu məsələlərə toxunaraq qeyd etdi ki, Ermənistan ilə Azərbaycan
arasında sərhəd delimitasiyası aparılmayıb. “Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə
təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son
qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən
qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, - deyə dövlət başçısı
vurğuladı. Yeri gəlmişkən, üçtərəfli görüşlə əlaqədar Bəyanatda Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin
delimitasiya və demarkasiyasına çağırış etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin
bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürür, həm də əməli addımlar atır. Zəngəzur
dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər bunun bariz nümunəsi - əyani təsdiqidir. Digər tərəfdən,
bölgədə yeni formatda çoxtərəfli əməkdaşlıq platformanın yaradılması - regional inteqrasiyanın sürətləndirilməsi
ilə bağlı təşəbbüslər də Azərbaycanın postmüharibə dövründə qurucu, tənzimləyici və konstruktiv fəaliyyətinin
təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam
adekvat yanaşma kimi xarakterizə olunur. Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi
fikirlər də bu reallığın təsdiqidir. Bu, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında 
həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqləyir.  Yeri gəlmişkən, Prezident Vladimir Putin
mətbuata bəyanatla çıxışında dəfələrlə “dəhliz” ifadəsindən istifadə etdi ki, bu da “Zəngəzur dəhlizi” layihəsinin
Rusiya tərəfindən dəstəkləndiyini göstərən mühüm faktlardan biridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin
mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Digər tərəfdən, Bəyanatda “Qarabağ” sözünün
olmaması Azərbaycanın haqlı, ədalətli və qətiyyətli mövqeyinin ifadəsidir.Soçi görüşündə səsləndirilənlər, eləcə
də Paşinyanın fikirləri Ermənistanın reallıqları qəbul etməkdən, mövcud gerçəkliklər əsasında hərəkət etməkdən
başqa çıxış yolu olmadığını göstərir. Yeri gəlmişkən, görüşlə bağlı yekun sənəddə erməni tərəfin həmişə iddia
etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı.  Bununla yanaşı, üçtərəfli görüşdə avtomobil və dəmir
yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması da olduqca mühüm
əhəmiyyətə malikdir.Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan,
regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli
görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında
əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar
ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini


15:15 04.11.2022