

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb
Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib və
çıxışı zamanı bildirib ki, Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz
resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım
etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi
ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə
üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın
basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-
dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz
torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir.
Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük,
beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş
ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək
istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını
Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi
və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi
Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir.
Başqa sözlə, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək.
Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu
nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi
əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var.
İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə
başlamaqdır. Artıq bu bölgələrə "Böyük Qayıdış"ın vaxtı gəlib çatıb. Oktyabrın 13-də Astanada Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident
İlham Əliyev bu mövzuya toxunaraq bildirmişdir ki, azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə
paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı
quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı
prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb. Həmin ərazilərdə bərpa-
quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər
mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə
təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir
yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və
digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd”
layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat
həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş
məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu, həm də qabaqcıl təcrübənin tətbiqi
deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı
təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd
vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və
əlçatanlığın tam təmin olunmasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini
çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin
köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin
köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından
seçilib.Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var. Regionda
yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq
üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz
işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması
üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa
edirik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Ağalı kəndinin
timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər. Ağalı kəndi
Böyük Qayıdışın ilk müjdəsi oldu. Qayıdışımız mübarək! İnşallah tezliklə bütün Qarabağda və Şərqi
Zəngəzurda yeni həyat başlayacaq! Bu sevinci bizə yaşadan Ali Baş Komandanımız, Prezidentimiz
İlham Əliyevə, rəşadətli ordumuza sonsuz təşəkkür edirik! Allah şəhidlərimizə rəhmət, qazilərimizə
cansağlığı diləyirik! Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük
Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin
güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.
Nadir Əsədullayev,
Sabirabad rayonu Osmanlı kənd ümumi orta məktəbinin direktoru