

Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Ölkəmizin
təşkilatla xüsusi münasibətləri var və mövcud münasibətlərin daha da genişləndiriləsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri
qonaq kimi iştirak üçün dəvət olunması bu deyilənlərə bariz nümunədir. Ərəb Dövlətləri Liqasının Zirvə
toplantısında təmsil olunmaq ölkəmiz üçün əlamətdar hadisədir. Zirvə toplantısında çıxış edən Prezident
cənab İlham Əliyev ilk olaraq Azərbaycanın da Əlcəzair kimi uzun illər işğalçılıq siyasəti ilə üz-üzə
qalmasından bəhs etdi və gələcəkdə xalqlarımızın belə facilələrlə qarşılaşmaması üçün səylərin
birləşdirilməsinin vacibliyini vurğuladı. Fransanın Əlcəzair xalqına qarşı yüz ildən çox bir müddət
ərzində dəhşətli müharibə apardığına diqqət çəkməklə ölkə başçısı cənab İlham Əliyev əslində
Azərbaycanın daxili işlərinə qarışmaq istəyən bu ölkəyə sərt və ifşaedici mesaj vermiş oldu. Ölkəmiz
uzun müddət işğalla bərabər beynəlxalq ədalətsizliklə də üzləşmişdir. Bu isə dünyada mövcud olan ikili
standartlardan irəli gəlir. Prezident cənab İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə
toplantısında çıxışı zamanı bildirdi ki, münaqişələrə qarşı ikili standartlar yolverilməzdir və işğalı öz adı
ilə adlandırmaq lazımdır.
Azərbaycanın 20 faiz torpağı 30 ilə yaxın bir müddətdə işğal altında qalmış, lakin beynəlxalq
aləm tərəfindən Ermənistana qarşı heç bir təzyiq olmamışdır. Baxmayaraq ki, BMT kimi nüfuzlu bir
təşkilat tərəfindən Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb
edən dörd qətnamə qəbul edilmiş, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. Ancaq bəzi hallarda
BMT Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə
isə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu isə ikili standartların bariz nümunəsidir.
Azərbaycan bu 4 qətnaməni ancaq öz gücünə icra etdi və BMT Nizamnaməsinin 51-ci maddəsində
nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək erməni işğalında olan ərazilərini güc yolu
ilə azad etdi.
İşğal dövründə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından məcburi köçkün düşmüş,
eləcə də çoxlu sayda insanlarımız etnik təmizləməyə məruz qalmışdır. Ermənistan 1992-ci ildə insanlıq
faciəsi olan Xocalı soyqırımını törətmişdir. Bütün bunlardan əlavə işğal illərində Azərbaycanın əraziləri
yerlə yeksan edilmiş kənd və şəhərlərimiz, binalar, tarixi abidələr, hətta azərbaycanlılara məxsus
qəbirlər belə dağıdılmışdır.
Prezident cənab İlham Əliyev öz çıxışında Ermənistanın işğal zamanı 67 məsciddən 65-ni məhv
etdiyini diqqətə çatdıraraq bu ölkənin islamafob bir ölkə olduğunu vurğuladı. Təəssüflər olsun ki,
erməni terroru sülh dövründə də davam edir. Belə ki, 2020-ci ilin noyabr ayında müharibə bitdikdən
sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.
Münqaişənin bitməsinə baxmayaraq, Ermənistan dəqiq mina xərtiələrini təqdim etmək istəmir və
bununla da mina terrorunu davam etdirir. Ermənistanın mina terroru mülki insanların həlak olması ilə
yanaşı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətini ləngidir.
Lakin bütün bu maneələrə rəğmən Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb.
Ölkəmiz bunu öz resursları hesabına edir və işğaldan azad edilmiş torpaqları bərpa edir ki, 30 il məcburi
köçkün həyatı yaşayan soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri