

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb
Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin
prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi
daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr
müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.
Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və
digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi
deyil ki, həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir. Eyni zamanda
Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri
mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştiraka dəvət
Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu,
dostluq və qardaşlıq əlamətidir.
Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı
Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairin azadlığı
uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin
müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Bu ölkə Azərbaycanla oxşar taleyi
yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və
mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb.
Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini
amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır.
Fransanın Ermənistana verdiyi dəstək elə işğal siyasəti yürütməyin oxşar formasıdır. Birinci Qarabağ
müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə yüzlərlə azərbaycanlını
soyqırımına məruz qoyan Ermənistana göstərilən dəstək elə soyqırımını dəstəkləmək deməkdir. Ona
görə Əlcəzairdə insanlıq əleyhinə cinayətlərə imza atan Fransanın bu gün canfəşanlıqla Ermənistanın
yanında yer alması heç də təəccüblü deyil. Bu ölkənin ermənipərəst siyasətinin kökündə həm də işğal
təfəkkürü dayanır.
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsi və Milli
Mücahidlər Muzeyi Fransanın insanlıq əleyhinə cinayətlər, əlcəzairlilərə qarşı qətliamlar törədən bir
ölkə olduğunu dünyaya çatdırır. Bütövlükdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci
Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun
göstəricisidir. Eyni zamanda bu səfər zamanı Azərbaycan həqiqətləri bir daha dünyada maraqla izlənən
bir əməkdaşlıq platformasından dünyaya bəyan edildi. Təbii ki, bu səfər Azərbaycanla Ərəb Dövlətləri
Liqası və təşkilata üzv olan ərəb dövlətləri arasındakı əlaqələrin inkişafına təsir göstərəcək,
əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcək.
Sübhan Xəlilov,
Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi