isaznow.com
Az Iw En Ru

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında dostluq əlaqələri mövcuddur

Regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan
dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata
keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli
dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq
normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Noyabrın 1-də Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair
şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Toplantısına Qoşulmama Hərəkatının sədri və fəxri
qonaq qismində iştirak etmişdir.
Dövlət başçısı toplantıdakı çıxışında bir şox mühüm məsələlərə öz münasibətini bildirmişdir:
“Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün
böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət
etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair
xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm”.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz
dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi
etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120
ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır.
Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir.
Ölkəmizin sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın bu
təşkilata sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir və olkəmiz bu məsələdə çox fəal idi. Azərbaycan
koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.
Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika
İttifaqında ən böyük ölkə sayılır. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə
edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin
məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair
respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini
imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik
Respublikası elan edildi.
Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1
noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.
Qeyd edək ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər
başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası
ərazisi sayılırdı.
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli
münasibətlər 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair
arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulmuşdur. Diplomatik nümayəndəliklərin
fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik
Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham
Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis
olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə
ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.
Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur.
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi


16:05 05.11.2022